Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 02:52
Bakı. İlhamə İsabalayeva – Trend:
Turizm sahəsində kadr hazırlığının aparılması, ölkənin turizm imkanlarının tanıdılması, infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində aparılacaq işlər 2020-ci ildə ölkədə bütün alternativ turizm növlərinin inkişafına şərait yaradacaq.
Bunu Trend-ə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) prezidenti Ruslan Quliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi turizm sahəsinin də inkişafı dövlətin diqqət mərkəzindədir: “Prezident keçirdiyi müşavirələrdə də qeyri-neft sektorunun ən prioritet sahəsi kimi turizmin inkişafı məsələlərinə toxunur. Biz görürük ki, ölkəyə gələn turistlərin sayı ildən-ilə artır, onların xərclədikləri vəsaitin məbləğində, gecələmə sayında da böyük artım müşahidə edilir”.
R.Quliyev əlavə edib ki, dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycanı 2025-ci ilədək regionun, eləcə də dünyanın cəlbedici turizm məkanlarından, 2025-ci ildən sonrakı dövr üzrə dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək əsas məsələ kimi qarşıya qoyulub: “Ölkədə ənənəvi və qeyri-ənənəvi bazarlara sirayət etmə istiqamətində böyük işlər görülür. Bu sahədə turizm sektorunun təmsilçilərinin də üzərinə çox böyük məsuliyyət düşür”.
Qeyd edək ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ötən il ölkəmizə səfər edən turistlərin sayının rekord həddə çatdığını, ölkəmizə 3 milyon 170 min xarici qonaq gəldiyini söyləyib.
Prezident İlham Əliyev bildirib ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər.
Dövlət başçısı turizmin inkişafının bundan sonra da diqqət mərkəzində olacağını nəzərə çatdırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin