Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 19:22
Bakı. Trend:
Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə Milli Məclisin üzvlüyünə namizəd, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşlərini davam etdirir.
Trend-in məlumatına görə, bu gün B.Əliyev növbəti görüşünü Qaradağ rayonu Qobu Park Yeni yaşayış kompleksində məskunlaşmış Ağdamdan olan məcburi köçkün seçiciləri ilə keçirib.
Seçicilərin böyük fəallıq və maraq göstərdikləri görüşdə B.Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət, son illərdə Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, ölkəmizin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, insanların sosial rifahının yüksəldilməsi barədə geniş danışıb.
O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin, o cümlədən ağdamlı köçkünlərin problemlərinin həlli, sosial və mənzil şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzində olub, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə bu sahədə böyük işlər görülüb, yeni və müasir qəsəbələr salınıb, məcburi köçkünlərin yaşayış və işsizlik problemləri həll olunub.
B.Əliyev seçicilərə deputat kimi gördüyü işlərin hesabatını verib və palatformasında nəzərdə tutulan məsələləri diqqətə çatdırıb. Deputatlığa namizəd bildirib ki, harada və hansı işlə məşğul olmasından asılı olmayaraq daim doğma ağdamlılarla bir yerdə olacaq, onların qaldırdığı məsələlərə diqqətlə yanaşacaq.
Yüksək səviyyədə keçən görüş zamanı çıxış edən seçicilər Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və daim Dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Onlar deputatlığa namizəd B.Əliyevə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, B.Əliyev hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də fevralın 9-da Bəxtiyar Əliyevə səs verəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin