Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kutoyanın ''intiharı'' və Ermənistanda terrorçuluğun sıçrayışı

Kutoyanın ''intiharı'' və Ermənistanda terrorçuluğun sıçrayışı

Tarix: 22 Yanvar 2020 12:44

Bakı. Trend:

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın ölümü və ya “intiharı” indiki hakimiyyətin Baş nazir N.Paşinyanın rəqiblərini aradan götürməsinin və ya qorxutmasının növbəti təsdiqidir.

Bu barədə “Sasna Tsrer” partiyasının bəyanatında deyilir: “2019-cu ilin payızından başlayaraq hərəkət sərbəstliyi qazanan mafiya müxtəlif səbəblərdən öz nəzarətlərindən kənarda qalmış və vacib informasiyaya malik şəxsləri fiziki olaraq aradan qaldırmağa başlayıb”.

“Qarabağ klanı”nın gənc və perspektivli təmsilçisi olan G.Kutoyanın ölümü Ermənistanda terroçuluğun və siyasi zorakılığın yayılmasının təsdiqidir. G.Kutoyan 2011-ci ildən 2016-cı ilədək prezident Serj Sarkisyanın köməkçisi, 2016-cı ildən 2018-ci ilədək isə Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. S.Sarkisyanın komandasında G.Kutoyan daxili siyasi məsələlərə “nəzarət edirdi” və “Qarabağ klanı”nın rəqibləri barədə çox şey bilirdi. Onun adı N.Paşinyanın hakimiyyətə gəlməsindən bir neçə gün əvvəl prezident S.Sarkisyanın iqamətgahından məxfi sənədlərin çıxarılaraq məhv edilməsi prosesində hallanıb. 2018-ci ilin aprel-may hadisələri zamanı xüsusi xidmət rəhbəri olarkən G.Kutoyan Ermənistanda hansı qüvvələrin “məxməri inqilab” etdiyini və hakimiyyətin dəyişməsi prosesinin əslində necə baş verdiyini yaxşı bilirdi. Bundan əlavə, S.Sarkisyanı zərbə altna qoya biləcək sənədlərin məhvində birbaşa iştirak edib, hərbi sirləri, 2016-cı il aprel döyüşlərində mğlubiyyətin səbəblərini bilib, Paşinyan komandası ilə bağlı “kompromat”lara malik olub. N.Paşinyan hakimiyyətə gələn kimi dərhal G.Kutoyanı vəzifədən azad etdi. Xidmətin keçmiş direktoru vaxt itirmədən ABŞ-a yollandı və və guya Kembricdə təhsil almağa başladı. 2019-cu ilin dekabrında gözlənilmədən Ermənistana qayıdan G.Kutoyan müxalifətə keçəcəyini açıqlamışdı. Təxminən üç il xüsusi xidmət rəhbəri olmuş şəxsin ABŞ-da hansı elmə yiyələndiyi sualına cavab tapmaq çətindir. Amma aydındır ki, G.Kutoyanın ölümü müəyyən mənada onun bioqrafiyasının bu qaranlıq dövrü ilə əlaqəlidir. Müstəntiqlər bildirir ki, G.Kutoyan intihar nəticəsində - gicgahına dəyən güllə yarası ilə ölüb. Qeyri-rəsmi məlumatlara görə isə o, sinəsinə üç və başına bir güllə vurub.

Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunun ölümü Ermənistanda vəzifəli şəxslərin qətli-intiharı qanuni ardıcıllığına uyur. Belə ki, 2019-cu ilin sentyabrında Kotayk vilayətinin Bjni kəndindəki evində sabiq polis rəisi Ayk Arutyunyan ölü tapılmışdı, Yerevan polisinin sabiq rəisi Aşot Karapetyan isə Pyatiqorsk şəhərində fərdi pivəbişirmə sexində partlayış nəticəsində həlak olmuşdu. Bu halda G.Kutoyanın və Ermənistanın digər vəzifəli şəxslərinin ölümü-intiharının hansı mühitdə baş verməsini təhlil etmək lazımdır.

Ölkədə hakim dairənin və ilk növbədə N.Paşinyanın iqtisadi və siyasi səhvləri nəticəsində yaranmış böhran müşahidə olunur. Yaxın aylarda N.Paşinyanın fraksiyasından 20 deputatın uzaqlaşacağı gözlənilir. N.Paşinyana məxsus KİV-lərdə digər müxalifətçi, G.Kutoyandan sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş Vanetsyana qarşı onun çevriliş hazırlamaq niyyətində olduğu barədə yazılar dərc olunur. Ehtimal edilir ki, Vanetsyanın yeni müxalif blokuna iri maliyyə ehtiyatlarına malik, parlament fraksiyası və siyasi partiyası olan iş adamı Tsarukyan da qatılacaq. Buna cavab olaraq N.Paşinyan Tsarukyana məxsus 50-dən çox biznes vahidinin hesablarına həbs qoyub. Buna baxmayaraq, N.Paşinyana qarşı Respublika partiyası, “Qarabağ klanı”, Koçaryan tərəfdarları və daşnaklar fəallaşır. Bütün bunların fonunda əhalinin müxtəlif sosial təbəqələrində də N.Paşinyan hakimiyyəti ilə narazılıq müşahidə olunur. Ermənistanda daxili siyasi vəziyyət gərginləşir və bu, N.Paşinyanı müxalifəti qorxutmağa, ölkədə qorxu mühitini yaratmağa vadar edir. Baş nazir təhdidlərdən sözün əsl mənasında əmələ keçib. Onun rəqiblərinin öldürülməsi, həmçinin Vanetsyana və onun arxasında duran müxalif qüvvələrə xəbərdarlıqdır.

Erməni KİV-lərinin məlumatına görə, N.Paşinyan hətta G.Kutoyanın yaxınlarına başsağlığı bildirməyib. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunun dəfnində sabiq prezident Serj Sarkisyan, keçmiş polis rəisi Qasparyan, Konstitusiya məhkəməsinin sədri Tovmasyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Vanetsyan və Respublika partiyasının tərəfdarları iştirak ediblər.

Müasir Ermənistanın tarixi onu göstərir ki, terrorçuluğun artması ölkənin xarici siyasi oriyentirlərinin dəyişdirilməsi cəhdləri ilə birbaşa əlaqəlidir. Azərbaycanla hərbi münaqişə və Paşinyan hakimiyyətinin ümumi böhranı fonunda siçovul ili qonşularımıza yaxşı heç nə vəd etmir.

Baku Network

Ekspert Şurasının direktoru

Fəlsəfə doktoru

Elxan Ələsgərov

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Kutoyanın intiharı Ermənistanda terrorçuluğun sıçrayışı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ