Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 13:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Siyahıyaalmadan kənarda qalan şəxslərin müraciətləri əsasında onların hamısının siyahıyaalınması təmin edilib.
Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.
Siyahıyaalmanın bütün dünyada BMT-nin elan etdiyi raund əsasında həyata keçirildiyini deyən T.Budaqov əlavə edib ki, əhalinin müəyyən faizi siyahıyaalınmadan kənarda qala bilər: "Amma son vaxtlar siyahıyaalınma ənənəvi üsullarla yanaşı, inzibati məlumat mənbələrindən istifadə yolu ilə də həyata keçirilir. Azərbaycanda ilk dəfə bu siyahıyaalma zamanı təsərrüfatbaşına uçot kitablarından da istifadə həyata keçirilib".
T.Budaqov qeyd edib ki, hazırda müvəqqəti müddətli müqavilə əsasında işə cəlb olunan operatorlar tərəfindən siyahıyaalma materiallarının məlumat bazasına daxil edilməsi prosesi həyata keçirilir. Bu ilin sonunadək bu proses başa çatdırılacaq: "Bundan sonra proqram əsasında müxtəlif parametrlər üzrə çıxış cədvəllərinin alınmasına başlanılacaq və bu proses də bir il davam edəcək. Yekun olaraq təxminən 30 cilddən ibarət siyahıyaalmanın nəticələrini əks etdirən məcmuə nəşri ilə bu prosesə son veriləcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin