Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 16:58
Azərbaycan dövləti QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun 2020-2023-cü illərdə fəaliyyətinin maliyyələşdirilməsinə 20 milyon dollar məbləğində vəsait ayırıb. Bu Fondun bütün fəaliyyəti dövründə aldığı ən iri məbləğdə ianədir.
Sonxeber.net xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri xanım Olga Avdeyeva komitə sədri Rövşən Rzayevlə görüşdə deyib.
Görüşdə diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunması, onların keyfiyyətli tibbi xidmətə olan tələbatının ödənilməsi üçün zəruri iş aparılır. Vaxtilə yoluxucu xəstəliklərin geniş yayıldığı çadırlardan, dəmiryol vaqonlarından ibarət müvəqqəti düşərgələr çoxdan ləğv edilib. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə həkim məntəqələri, apteklər fəaliyyət göstərir. Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün tibbi aksiyalar təşkil edir.
Bununla belə, daha təsirli və əhatəli tədbirlərin həyata keçirilməsində beynəlxalq təşkilatların dəstəyinin də böyük əhəmiyyəti ola bilər. Bu baxımdan, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun ölkəmizdə gerçəkləşdirdiyi layihələrdə qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyətinin nəzərə alınması məqsədəuyğun olardı. Fondun bu sahədəki fəaliyyətinə Dövlət Komitəsinin də dəstək verməyə hazır olduğu vurğulanıb.
Qəbula görə təşəkkürünü bildirən O.Avdeyeva Qlobal Fondun məqsəd və vəzifələri, qarşıdakı dövr ərzində müəyyənləşdirdiyi istiqamətlər, görəcəyi işlər haqqında məlumat verib. Bildirib ki, Qlobal Fond, vərəm və malyariya, həmçinin peyvəndlə qarşısı alına bilən xəstəliklərlə mübarizə məqsədi üçün 2002-ci ildə yaradılıb, Azərbaycan da daxil olmaqla, dünyanın 140 ölkəsində fəaliyyət göstərir, üç yoluxucu xəstəliklə mübarizə aparır və sağlamlıq üçün möhkəm, davamlı sistem qurur. Fond QİÇS, vərəm və malyariya ilə mübarizəyə ildə 4 milyard dollar vəsait ayırır, yarandığı vaxtdan 27 milyon insanın həyatını xilas edib.
Fond Azərbaycanla əlaqələr xüsusi əhəmiyyət verdiyini qeyd edən O.Avdeyeva bu beynəlxalq təşkilatın donorları arasında ölkəmizin mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan dövləti Fondun 2020-2023-cü illərdə fəaliyyətinin maliyyələşdirilməsinə 20 milyon dollar məbləğində vəsait ayırıb. Bu Fondun bütün fəaliyyəti dövründə aldığı ən iri məbləğdə ianədir. Bəşəriyyətin sağlamlığının qorunmasına verdiyi belə mühüm töhfəyə görə Azərbaycan dövlətinə və onun rəhbərinə dərin minnətdarlıq ifadə edilib. Həmçinin məlumat verilib ki, Qlobal Fondun İdarə Heyətinin 2020-2022-ci illərdə maliyyələşdirmə ilə bağlı qərarına əsasən, Azərbaycana QİÇS, vərəm və malyariya üçün dayanıqlı və davamlı sistemlər (RSSH) yaradılmasına 17 milyon dollardan artıq vəsait ayrılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.