Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 08:28
Buzxanalar vaxtilə Azərbaycanda böyük şəhərlərdə və paytaxtda saraya xidmət edən inzibati binalar olub. Orta əsrlərdə geniş yayılmış buzxanalardan anbar kimi ərzaq saxlanması üçün istifadə edilib. Xüsusilə vergilərdə toplanan natural məhsulların uzunmüddətli saxlanması üçün yerin altında belə buzxanalara çox ehtiyac olub.
Fitdağ şəhərinin (Şirvan xanı Mustafa xanın təşəbbüsü ilə XVIII əsrin 90-cı illərində təxminən 10 il müddətinə salınan şəhər İsmayıllı rayonu ərazisində Sulut və Mücü kəndləri arasındakı Fit dağında tikilib) yaxınlığında, şəhərlə Hərəm qalası (Mustafa xanın ailəsinin qaldığı saray) arasında düzən sahədə inşa edilən Sulut buzxanası XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aiddir. Mustafa xanın təşəbbüsü və dəstəyi ilə tikilən Sulut buzxanası Hərəm qalasının ərzaqla təmini üçün istifadə olunub.
Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə danışan Dövlət Turizm Agentliyi Basqal Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, Sulut buzxanası əsasən səliqə ilə kəsilən və cilalanan çay daşı ilə hörülüb.
Buzxananın cənub-qərb tərəfdə yeganə qapısı, oradan isə aşağı buzxanaya düşmək üçün pilləkənlər olub. Lakin buzxananın həmin hissəsi xeyli dağılıb, pilləkənlər ayırd edilmir.
Sulut buzxanasının üzəri Naxçıvan və Ağsu buzxanalarından fərqli olaraq bişmiş kərpiclə deyil, divarların inşa edildiyi çay daşları ilə örtülüb. Sulut buzxanası da tağla bağlanıb və yerin altında qalması üçün üzərinə torpaq qatı verilib.
Sulut buzxanası Fitdağın süqutundan və şəhər əhalisinin Şamaxıya köçürülməsindən sonra dağılıb. Buzxana əsasən rus əsgərləri tərəfindən dağıdılıb. Ruslar uzun müddət Fitdağ şəhəri, Hərəm qalası, Buzxana və Xan qalasında Mustafa xanın xəzinəsini axtarıblar. Ona görə də Buzxananın həm şimal, həm də cənub hissəsində böyük dağıntılar törədilib. Lakin 200 ilə qədər vaxt keçməsinə baxmayaraq buzxana əsasən qorunub saxlanıb.
F.Xəlilli deyib: "Sulut buzxanasının bərpa və konservasiya edilməsinə böyük ehtiyac var. Divarların möhkəmliyini təmin edən ağac kətillər ya çürüyüb, ya da yerindən çıxarılıb. Əksər yerlərdə iri daşlar da divarlardan çıxarılıb. Ziyarətə gələn turistlər və yerli sakinlər arasında abidələrə zərər verənlər də var ki, onların izi divarlarda və daşlar üzərində görünür. Buzxananın bərpa edilərək uyğun formada sərgi zalı və ya çay evi kimi istifadə edilməsi bu gün turizm baxımından da əlverişli olardı".