Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 21:22
Zəlzələ qəfil baş verdi, qorxudan bütün gecəni küçədə keçirdim. Səhər kirayə yaşadığım evə girişi də bağladılar, təhlükəli olduğu üçün məni ora buraxmadılar. Mənimlə orada qalanlar hamısı öz evinə getdi, mənim isə getməyə yerim yox idi.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin zəlzələ baş verən Elazığ vilayətindən təxliyə edilən, Fırat Universitetinin Elektrik-elektronika mühəndisliyi fakultəsinin 1-ci kurs tələbəsi Sevinc İsmayılova deyib. O bildirib ki, hadisə baş verən vaxt tam çarəsiz duruma düşüb:
"Mən həm oxuyuram, həm də işləyirəm. Hadisə olan vaxt iş yerimdə idim. Məlumat aldıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Turkiyənin Elazığ bölgəsində təhsil alan tələbələrin təhlükəsiz təxliyəsi üçün göstəriş verib. Öz hesabıma ölkəyə gəlməyə maddi imkanım yox idi. Ona görə də bu xəbəri eşidəndə Azərbaycanda olan anam da mənimlə birgə çox sevindi. Bu, bizim üçün çox böyük bir şans idi. Azərbaycanın Türkiyədəki Səfirliyi mənimlə əlaqə saxladı və sonra bizi avtobuslarla zəlzələ bölgəsindən çıxarıb Naxçıvana gətirdilər, oradan isə təyyarə ilə Bakıya - evimizə gəldik. Yolboyu bütün yemək və digər tələbatlarımız yüksək səviyyədə ödənildi. Sağ-salamat ailəmə qovuşduğum üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Cənab Prezident bir daha sübut etdi ki, dünyanın hansı ölkəsində olmağımıza baxmayaraq, Azərbaycan dövləti daim bizim yanımızdadır. Azərbaycan Prezidenti bizi çox böyük təhlükədən qurtardı. Bu hadisə dövlətimizə, dövlət başçımıza olan etibarımızı daha da artırdı. Onu da deyim ki, zəlzələdən sonra öz vətəndaşlarını bölgədən təxliyə edən yeganə dövlət Azərbaycan oldu. Bu, bizim üçün böyük qürurdur".
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Prezident İlham Əliyevin tapşırığı ilə zəlzələ zonasından Naxçıvana təxliyə edilən 102 azərbaycanlı tələbə yanvarın 26-da təyyarə ilə Bakıya gətirilib.