Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 20:00
"Xüsusi rabitə növlərindən istifadə Qaydaları" təsdiq edilib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarını Baş nazir Əli Əsədov imzalayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Nazirlər Kabinetinin "Hökumət rabitəsindən istifadə Qaydaları"nın və "Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" 2013-cü il 21 fevral qərarı isə ləğv edilib.
Yeni qaydalar "Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hazırlanmışdır və hökumət, xüsusi dövlət, mobil xüsusi dövlət və dövlətlərarası hökumət rabitələrindən (bundan sonra - xüsusi rabitə) istifadə qaydalarını müəyyən edir.
Xüsusi rabitədən yalnız xüsusi rabitə ilə təmin olunan vəzifəli şəxs (bundan sonra - vəzifəli şəxs) istifadə edə bilər.
Xüsusi rabitənin telefon aparatının quraşdırılması, digər yerə köçürülməsi, təmiri, söndürülməsi, çıxarılması (mobil xüsusi dövlət rabitəsinin telefon cihazının verilməsi, geri alınması, təmiri), habelə aparatdan (cihazdan) istifadə mümkün olmadıqda əvəz olunması yalnız Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin (bundan sonra - Agentlik) mütəxəssisləri tərəfindən həyata keçirilir.
Xüsusi rabitə ilə vəzifəli şəxs məxfi danışıqlar apara bilər.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq xüsusi dövlət rabitəsi, həmçinin dövlətlərarası hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər və Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin, habelə digər dövlətlərin dövlət orqanlarının rəhbərləri arasında məxfi telefon danışıqları aparıla bilər. Bunun üçün xüsusi dövlət rabitəsinin növbətçi operatoruna ("DHR" düyməsini basmaqla) sifariş verilməlidir.
Vəzifəli şəxs istifadəsində olan xüsusi rabitənin telefon aparatının (cihazının) kənar şəxslər tərəfindən istifadəsinə yol verməməli, mobil xüsusi dövlət rabitəsinin telefon cihazını nəzarətsiz 3 yerdə saxlamamalı və telefon aparatına (cihazına) vurulmuş stikerlərin (yapışqanlı plomb) bütövlüyünü qoruyub saxlamalıdır.
Xüsusi rabitənin xətlərini digər telekommunikasiya vasitələrinə qoşmaq, telefon aparatına müdaxilə etmək, telefon aparatına cüt qoşulma və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır.
Xüsusi rabitənin telefon aparatının quraşdırıldığı otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi orqan (qurum) tərəfindən Agentliyin mütəxəssisləri ilə birlikdə həyata keçirilir.
Bu Qaydaların 2.4-cü və 2.5-ci bəndlərinin tələblərini pozan vəzifəli şəxsin xüsusi rabitəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin tapşırığına əsasən söndürülür və ya telefon aparatı çıxarılır (mobil xüsusi dövlət rabitəsi dayandırılır və ya telefon cihazı geri alınır).
Azərbaycan Respublikasının Xüsusi rabitəsinin telefon məlumat kitabçası Agentlik tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur.
Məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, vəzifəli şəxsin iş və (və ya) ev telefonlarının nömrələri, vəzifəsi dəyişildikdə, habelə xüsusi rabitənin telefon aparatının (cihazının) işində nasazlıq yarandıqda və ya nömrə yığımında birləşmə mümkün olmadıqda, bu barədə Agentliyin növbətçi operatoruna məlumat verilməlidir.