Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 10:04
“Qəbələ” bu gün Premyer Liqanın 15-ci turunda qarşılaşacaqları ilə “Keşlə” ilə indiyə qədər keçirdiyi oyunların statistikasını açıqlayıb.
Qol.az-ın xəbərinə görə, klubun rəsmi saytı yazır ki, “qırmızı-qaralar” III dövrəyə ev matçı ilə başlayacaq:
“Bu, rəqiblər arasında 52-ci duel olacaq. “Qəbələ” ilk dəfə 2006-cı ildə qarşılaşdığı paytaxt təmsilçisi ilə indiyədək 51 dəfə üz-üzə gəlib. 16 qələbə qazanan “qırmızı-qaralar” 17 heç-heçə edib, 18 dəfə məğlub olub. Rəqib qapısından 53 top keçirən futbolçularımız 67 qol buraxıblar. Komandamızın “Keşlə”yə qarşı oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiç rəqib qapısına 5 dəfə yol tapıb.
51 matçdan 46-sı çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənibsə, 16 matçda bakılılar qalib gəlib. 46 qol vuran “qırmızı-qaralar” 60 top buraxıb.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Öz meydanındakı 25 görüşdə 8 qələbəsi olan komandamız 11 heç-heçə edib və 6 dəfə uduzub. “Qırmızı-qaralar” top fərqində də üstündür – 27:26” – deyə klubun statistik yazısında bildirilir.
Qeyd edək ki, “Qəbələ” – “Keşlə” matçı bu gün saat 15.00-da başlanacaq.