Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 00:45
Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
Dövlət başçısı bildirib:
"Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın.
İqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür. Bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir.
Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyil görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir. Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar.
Sahibkarlığın inkişafı üçün dövlət bu il də kifayət qədər böyük vəsait nəzərdə tutur. Bu, artıq verilmiş və qaytarılmış kreditlərin hesabına baş verir. Güzəştli şərtlərlə 200 milyon manata yaxın kreditlər veriləcək. Deyə bilərəm ki, son illər ərzində sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox vəsait verilmişdir. Ancaq verilən bu kreditlərə həm nəzarət gücləndirilməlidir, həm də biznes layihələrinə yenidən baxmaq lazımdır. Çünki aparılan təhlil göstərir ki, hər bir iş yerinin yaradılması üçün kifayət qədər böyük vəsait xərclənir. Əvvəlki illərdə üstünlük daha çox iri layihələrə verilirdi, bu da təbii idi. Çünki bu aqroparkların və digər iri sənaye müəssisələrinin yaradılması hesab edirəm ki, zəruri idi. Ancaq hazırda daha çox güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir. Çünki biz yaxşı bilirik ki, inkişaf etmiş ölkələrin ümumi daxili məhsulu böyük dərəcədə kiçik və orta sahibkarlıq tərəfindən formalaşır. Biz də bu yolla getməliyik. Xüsusilə nəzərə alsaq ki, bizim iqtisadiyyatımızın aparıcı hissəsi neft-qaz sənayesidir. Ona görə bu il güzəştli biznes-kreditlərinin tərkibində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir".