Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 14:06
“Eset” şirkətinin 2019-cu il üzrə yekun hesabatında “iOS” və “Android” sistemlərində aşkar edilmiş boşluqlar, ən geniş yayılmış təhlükələr və mobil qurğuların müdafiəsi üsulları təsvir edilib. Mütəxəssislər bildiriblər ki, mobil zərərverici proqram təminatının 99%-i “Android” sisteminin idarəetməsi altında işləyən qurğular üçün nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hazırda “Android” sisteminin bazar payı 76%, “iOS”da isə bu göstərici 22% təşkil edir. “Google”un platformasının populyarlığı onu kiberhücumlar üçün hədəfə çevirib. Bundan başqa, smartfonların 90%-i istifadəçilər tərəfindən əməliyyat sisteminin aktual versiyası ilə vaxtında yenilənmir.
2019-cu ildə “Android” sistemində aşkar edilmiş zərərli proqram təminatının sayına görə lider Rusiya olub. Növbəti pillələri İran və Ukrayna tutublar.
“Google”un səyi sayəsində 2018-ci illə müqayisədə 2019-cu ildə aşkar edilmiş arzu olunmayan proqramların sayı 9% azalıb. Amma bu, “Google Play” kataloqundakı proqramlarda təhlükələrin sayının azalması demək deyil. Təhlükəsiz proqramlar kimi maskalanan və təhlükəsizlik yoxlamasından uğurla keçən troyanların sayı artır.
Emil Hüseynov