Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 17:15
Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.
Agentlikdən Trend-ə vberilən məlumata görə, bu çərçivədə Xətai rayonu ərazisində Neapol küçəsindən sonra Səməd bəy Mehmandarov küçəsi də yenidən qurulur.
Küçənin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 3.2 km, eni isə 20 metr olan Səməd bəy Mehmandarov küçəsində aparılan yenidənqurma və bərpa işləri uğurla davam etdirilir.
Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib, hamarlayıcı qat asfalt-beton örtüyü döşənib.
Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb.
Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtyü döşənir. Asfaltlanma işləri ümumilikdə 65 min kv.m sahəni əhatə edəcək.
Səməd bəy Mehmandarov küçəsində istiqamətləri ayırmaq məqsədi ilə eni 1 metr olan ayrıcı zolaq inşa olunub, kənarlarına isə səki daşları, üzərinə isə tamet daşları üzülüb. Daha sonra sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq üçün ayrıcı zolaq boyu yeni işıqlandırma sistemi qurulacaq.
İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri çəkiləcək.
Bütün işlər mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin