Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüsal Qasımlı: ''Prezident İlham Əliyevin rəhbərliyi ilə maliyyə-bank sektorunda inkişafın yeni mərhələsi başlayır''

Vüsal Qasımlı: ''Prezident İlham Əliyevin rəhbərliyi ilə maliyyə-bank sektorunda inkişafın yeni mərhələsi başlayır''

Tarix: 8 Fevral 2020 17:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkənin maliyyə-bank sektorunun inkişafı sahəsində mühüm tapşırıqlar verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu mövzuda Trend-in suallarını cavablandırıb.

- Maliyyə-bank sektorunda son bir ildə əsas trendlər nədən ibarət olub?

- Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu siyasət çərçivəsində son üç ildə institutsional islahatlar, toksik aktivlərin sağlamlaşdırılması, problemli kreditlərin həlli, əmanətlərin tam sığortalanması, nağdsız dövriyyənin və rəqəmsallaşmanın dəstəklənməsi, bütövlükdə makroiqtisadi sabitliyin təmin edilməsi ilə maliyyə-bank sektoruna yeni nəfəs verilib. Nəticədə ötən il bank sektorunun kredit portfelinin genişləndiyini, mənfəətinin, aktiv və əmanətlərinin, balans kapitalının artdığını, eyni zamanda, xarici borcunun azaldığını qeyd etmək lazımdır. Təsəvvür edin ki, bank sektorunun xalis mənfəəti son bir ildə iki dəfə daha artıb, Dollarlaşma kreditlərdə 38 faizdən 35 faizə, fiziki şəxslərin əmanətlərində isə 63 faizdən 54 faizə enib.

2019-cu ildə həm geniş mənada pul kütləsi (M3), həm də digər pul aqreqatlar M0, M1 və M2 artıb. Amma pul multiplikatoru - M2 pul aqreqatının manatla pul bazasına nisbəti azalıb. Elə M3 pul aqreqatının pul bazasına nisbəti də azalıb. Deməli, Azərbaycan bankları depozit və kredit əməliyyatları hesabına pul yaratmaqda çətinlik çəkirlər. Çünki pul multiplikatoru bankların pul yaratmaq qabiliyyətini göstərir. Bəli, depozit və kreditlər pul kütləsinə nisbətən 4-5 faiz aşağı sürətlə artdığından pul multiplikatoru da azalıb. Amma gərək depozitlərin və kreditlərin artmasına da tələb olsun.

2019-cu ildə manatın dövriyyə sürəti 6 faiz azalıb. Əgər pul kütləsi artırsa, onda pulun dövriyyə sürəti də azalmalıdır ki, pul tarazlığı təmin olunsun. Samuelson və Fridman belə bir mülahizə irəli sürürdülər ki, uzunmüddətli dönəmdə pulun dövriyyə sürəti real gəlirin artımı həddində aşağı düşməklə tənzimləyici təsir göstərir. Azərbaycanda pul tədavülü qanunun bu tələbi qorunmuşdur. Əks təqdirdə pul kütləsinin artması fonunda pulun dövretmə sürəti də yüksələrdisə, onda ÜDM-in mötədil artımı şəraitində inflyasiya sürətlənə bilərdi. Dövriyyədəki izafi pul kütləsi Mərkəzi Bankın deposit və notları, məcburi ehtiyat normaları, habelə Maliyyə Nazirliyinin dövlət istiqrazları vasitəsilə tənzimlənir, beləliklə, manatın məzənnəsi sabitləşdirilir. Təkcə ötən il Mərkəzi Bank və Maliyyə Nazirliyi birlikdə 700 milyon dollardan çox vəsaiti sterilizasiya ediblər.

Ötən il real sektora yönəldilən kreditlərin sahələr üzrə xüsusi çəkisində ev təsərrüfatları və ticarət və ictimai iaşə önə çıxıb. Bu iki sahəyə ayrılan kredit həcmi ümümi kredit portfelinin 60 faizini təşkil edir. Xüsusən ev təsərrüfatlarına ayrılan kreditlər ilk dəfə olaraq portfelin yarısına yaxınlaşır. Nəzərə alanda ki, 2019-cu ildə əhalinin nominal gəlirləri də 7,4 faiz artıb, onda tələbin sürətlə artmasının şahidi olarıq. Tələbin sürətlə artması fonunda qeyri-neft iqtisadiyyatı da uyğun artım tempi göstərməlidir ki, idxal sürətlənməsin və ya biz xarici istehsalçıları daha çox maliyyələşdirməyək. Kredit portfelini müxtəlif meyarlar üzrə təhlil etdikdə ən geniş yayılan kreditvermə hallarının Bakıda uzunmüddətli, manatla, ev təsərrüfatları, ticarət, iaşə, nəqliyyat və rabitə xidmətləri sektorunda olduğunu görürük. Kreditlərin manatla və uzunmüddətli verilməsi müsbət tendensiyadır. Amma kreditlərin Bakı ilə bərabər həm də rayonlara və digər real sektora yönəldilməsi istiqamətində daha çox işləməliyik.

- Kredit portfelinin miqyası və strukturu nə dərəcədə səmərəlidir?

- Əgər Azərbaycanda kredit qoyuluşu ÜDM-in cəmi 20 faizini təşkil edirsə, dünya üzrə orta göstərici 130 faiz, Avropa və Mərkəzi Asiya üzrə 91 faiz və Azərbaycanın da daxil olduğu yuxarı orta gəlirli ölkələrdə 123 faizdir. Nəzərə alsaq ki, kredit qoyuluşlarından əlavə xaricdə həm də qiymətli kağızlar bazarından da sərmayə cəlb olunur, onda tam mənzərəni təsəvvür edə bilərik. Deməli, cənab Prezidentin vurğuladığı kimi Azərbaycanda kredit portfelinin böyüməsi və maliyyə dərinliyinin artması üçün geniş imkanlar var.

Dünya Bankının məlumatına əsasən, Azərbaycanda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisi 2018-ci ildə 7,17 faiz olmuşdur, bu gün isə spred 4,65 faizdir, amma yenə də region ölkələri ilə müqayisədə yüksəkdir. Örnək olaraq, 2018-ci ildən spredin Belarusda 2.78 faiz, Gürcüstanda 2,29 faiz, Rusiyada 3,5 faiz və Moldovada 4,36 faiz olduğunu qeyd edə bilərik.

Azərbaycanda kredit faizlərinin aşağı salınması və daha sağlam kredit ekosisteminin qurulması məqsədilə qabaqcıl beynəlxalq təcrübədə tətbiq edilən üç vacib mexanizmdən istifadə olunmuşdur. Daşınar əmlakın yüklülüyünün dövlət reyestri yaradılmışdır ki, bu reyestr də daşınmaz əmlakı olmayan sahibkarların da dövriyyə vəsaitlərini girov qismində təqdim edərək kredit almasına imkan yaradır. Digər tərəfdən kredit zəmanəti mexanizminin yaradılması da riskləri azaldan və dünyada uğurla sınaqdan çıxmış mexanizmlərdir. Digər mexanizm isə kredit bürolarının yaradılmasıdır ki, müvafiq qurumun yaradılması ümumilikdə ölkədə kredit məlumatlarının mübadiləsi sisteminin inkişafına, şəffaf hesabatlılıq sisteminin qurulmasına və banklarda elektron xidmətlərin tətbiqinə imkan verir. Sadalanan hər üç mexanizmin funksionallığının daha da artırılması zəruridir. Məhkəmə-hüquq islahatları, o cümlədən məhkəmə qərarlarının icrası sahəsində görülən işlər də bankların risk antipatiyasını aşağı salır və bu da kreditin "maya dəyəri"nə azaldıcı təsir göstərir.

Ölkə bankların depozit bazasından asılılığı yüksək səviyyədədir. Bu asılılığın azaldılması və diversifikasiya kanallarının genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi zəruridir. Bankların cəlb etdikləri hər 100 manatın 70 manatdan çoxu depozitlərin payına düşmüşdür. Halbuki, 2016-cı ildə bu göstərici hər 100 manat üçün 57 manat civarında olmuşdur. Göründüyü kimi son 3 il ərzində depozitlərin bank resurslarında xüsusi çəkisi artmışdır. Bu vəziyyət bankların bir mənbədən - depozitlərdən yüksək asılılığını göstərir. Üstəlik 25 milyard manatlıq cəmi depozitlərin 55 faizi tələb olunanadəkdir. Hansı ki, bankların manatla verdiyi kreditlərin 83 faizi, xarici valyuta ilə verdiyi kreditlərin 76 faizi uzunmüddətlidir. Qısa pul cəlb edib, uzun pulları satanda müddət uyğunsuzluğu yaranır. İqtisadi artım tempi yüksəldikcə və bankalara inam artdıqca müddətli depozitlərin xüsusi çəkisi də çoxalacaq ki, bu da depozit və kredit müddətləri arasındakı fərqi azaldacaq.

Buna görə də bankların alternativ mənbələrdən - o cümlədən, xarici bazarlardan və Mərkəzi Bankın yenidənmaliyyələşmə resurslarından istifadəsinin genişlənməsi arzuolunandır. Müqayisə üçün deyək ki, Mərkəzi Bankın uçot dərəcəsi 7,25 faiz olduğu halda bankların əhalidən cəlb etdiyi əmanətlərin orta faiz dərəcəsi 9,3 faiz olmuşdur. Hazırda Mərkəzi Bankın yenidənmaliyyələşdirmə resurslarının ölkə üzrə kredit portfelində xüsusi çəkisi 5 faizdən azdır. Mərkəzi Bankın yenidənmaliyyələşdirmə resurslarına daha çox likvidlik çətinliyi yaşayan bankların ehtiyacı var. Likvidlik çatışmazlığı yaşayan banklarımızın xarici bazarlardan müəyyən zəmanət müqabilində aşağı faizlə (LİBOR 1,8 faiz, TİBOR 0,1 faiz, Euribor -0,4 faiz və s. nəzərə alınmaqla) vəsait cəlb etməsi də mümkündür.

Kreditin "maya dəyəri"nə oturan digər maddə - əməliyyat xərcləridir. Əməliyyat xərcləri dedikdə isə, işçilərin və filialların saxlanılması xərcləri, kredit qərarının verilməsi ilə bağlı xərclər (yaşayış, iş yerinə baxışın keçirilməsi, sənədləşmələr və s.) və s. nəzərdə tutulur. Banklarda maliyyə texnologiyaları və institutsional islahatlar tətbiq edilməklə əməliyyat xərcləri azaldıla bilər. Digər tərəfdən ölkənin informasiya təhlükəsizliyi maraqları nəzərə alınmaqla, beynəlxalq miqyasda tanınmış kredit bürolarının imkanlarından istifadə də nəzərdən keçirilə bilər.

Bir sözlə, bu gün bank sektorunda likvidlik izafi də olsa, qeyri-bərabər paylanıb və bahalıdır. Bank tənzimlənməsi daha çox bazar mexanizmini, rəqabət mühitini və beynəlxalq maliyyə bazarları ilə daha dərindən inteqrasiyasını əsas götürərək həyata keçirilməlidir.

Bir məsələni də qeyd etmək lazımdır ki, əgər kommersiya bankları Mərkəzi Bankın resurslarına 6 faizlə yatırım edirlərsə, deməli, biznesə də indikindən daha ucuz kredit verə bilərlər. Bunun üçün real sektorun da daha inandırıcı və əsaslandırılmış biznes-planları banklara təqdim etməsi vacibdir.

- Maliyyə-bank sektorunda tənzimləyici çərçivənin inkişaf etdirilməsi istiqamətində hansı uğurlar qazanılıb və beynəlxalq təcrübəyə əsasən yeni addımlar nədən ibarət olmalıdır?

Möhtərəm cənab Prezidentin rəhbərliyi altında bank tənzimlənməsi sahəsində xeyli işlər görülmüşdür: valyuta əməliyyatlarının aparılması, elektron ipoteka və kredit zəmanəti, körpü bankı, bank rezolyusiyası, aktivlərin təsnifləşdirilməsi, banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi, kredit risklərinin tənzimlənməsi və s. "Maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsi"ndə banklarda sağlam risk idarəetməsinin qurulması və bankların korporativ idarəetmə potensialının gücləndirilməsinin zəruriliyi qeyd olunmuşdur. Müvafiq olaraq, 04 iyun 2019-cu il və 27 iyun 2019-cu il tarixlərində qəbul edilmiş "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında Qərar"ın və "Banklarda korporativ idarəetmə Standartları"nın bank sektorunda gələcək risklərin qarşısının alınması və sektor üzrə korporativləşmə səviyyəsinin artırılmasına dəstək olacaqdır. Banklar strateji planlaşdırma, təşkilati struktur, idarəetmə, nəzarət orqanları və daxili komitələrlə bağlı prosedur və proseslər üzrə təkmilləşmələri davam etdirməlidirlər. Bankların məlumatları vaxtında, keyfiyyətli və sistemli formada ictimaiyyətə açıqlaması xarici investorların, biznes çevrələrinin və ictimaiyyətin banklara olan etimadının daha da artmasına gətirib çıxara bilər.

Bu gün dünyada maliyyə bazarlarının və qlobal maliyyə texnologiyalarının, məhsul, xidmət və modellərinin sürətli dəyişməsi baş verən proseslərə çevik reaksiya tələb edir və Mərkəzi Bank genişləndirilmiş səlahiyyətləri çərçivəsində bu istiqamətdə fəaliyyətini qurur. Bank sektorunda riskəsaslı prudensial tənzimləmə metodlarından istifadə etməklə institusional islahatlar davam etdirələcək. Sistem xarakterli risklərin analizi, maliyyə sektorunun tsiklik vəziyyətinin analizi, yaxın, orta və uzunmüddətli risklər üzrə proqnozların qabaqcadan hazırlanması və baş verə biləcək risklərin, böhranların idarəedilməsi məqsədilə tədbirlərin görülməsi zəruridir ki, "sürpriz"lərlə üzləşməyək. Maliyyə institutlarına konsolidasiya edilmiş nəzarətin tətbiqi genişləndirilməlidir.
Həmçinin ölkədə kapital tələbi ilə bağlı qanunvericilik bazasının gücləndirilməsi və ayrıca hüquqi sənədin hazırlanması zəruridir. Hansı ki, burada sistem əhəmiyyətli təşkilatlar və digər maliyyə institutları üçün kapital buferinin təyini (kontr-tsiklik bufer, sistem əhəmiyyətli risk buferi) və s. kimi məsələlər nəzərə alına bilər. Dünya bank sisteminin böhranlar dövründəki dayanıqsızlığını nəzərə alaraq, Bazel Komitəsi "Bazel 3" çərçivə sənədinə kontr-tsiklik kapital üzrə normativləri daxil etmişdir.

Ölkədə borc intizamının gücləndirilməsi, qeyri-işlək kredit əmsalının nəzarətdə saxlanılması vasitələrindən biri kimi gecikmələr borclar üzrə yeganə indikator olmamalıdır. Əvəzində banklar müntəzəm olaraq borcalanların maliyyə vəziyyətini və kredit ödəmə qabiliyyətini yoxlamaqla onların şokları absorbsiya etmə qabiliyyətinə əmin olmalıdırlar. 07 may 2018-ci il tarixindən etibarən Gürcüstanda qüvvədə olan qanunvericiliyə əsasən banklar borcalanın kredit ödəmə qabiliyyətini hərtərəfli və müfəssəl analiz etmək üzrə öhdəlik daşıyırlar və gəlirləri yoxlanılmayan borcalanlardan ibarət borc portfeli bankın tənzimləyici kapitalının 25 faizindən çox ola bilməz. Azərbaycanda xarici təcrübəyə əsasən istehlak kreditləri üzrə risklərin azaldılması məqsədilə yüksək borca xidmət əmsalları - DSTİ və LTV və əlavə kapital tələblərinin müəyyən edilməsi nəzərdən keçirilə bilər. İsraildə ayrı-ayrı sektorlar üzrə borclanmanın miqdarı üzrə də limitlər mövcuddur. İsrail və Gürcüstanın bankçılıq sektorunda öhdəliklərin milli valyuta ilə olması halında likvidliklə bağlı tələblər xarici valyutalara nisbətdə yumşaqdır. Lüksemburqda isə xarici valyuta üzrə risklərin idarəedilməsi məqsədilə bir sıra sərt tələblər müəyyən edilmişdir ki, bunlara da valyuta öhdəlikləri ilə aktivlərinin ödəmə müddəti və valyuta tipi arasındakı uyğunsuzluqlar, maliyyələşmə mənbələrinin konsentrasiyası və s. kimi məsələlərin müəyyən olunması, idarə edilməsi, nəzarəti və hesabatlılığı kimi məsələlər daxildir. Həmçinin, sistem əhəmiyyətli banklara münasibətdə bir sıra ölkələrdə əlavə kapital tələbləri qoyulur. Belə ki, bu cür təcrübələr artıq İsrail, Lüksemburq, Gürcüstan və Niderlandda tətbiq olunmuşdur. Əlbəttə, biz beynəlxalq təcrübənin dərindən öyrənilməsi və Azərbaycan şəraitinə uyğun qərarların verilməsini təmin etməliyik. Azərbaycanın dayanıqlı maliyyə-bank sektoru sürətlə dəyişən çağırışlarla ayaqlaşır.

- Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı da biznesin maliyyələşdirilməsini gücləndirə bilər. Bu istiqamətdə hansı işlər görülməlidir?

- Keçən il Bakı Fond Birjasının illik ticarət dövriyyəsi üzrə ümumi əqdlərin dəyəri 14 milyard və ya ÜDM-in 17 faizi həcmində olub. Qiymətli kağızlar bazarının həcminin ÜDM-ə nisbətini bəzən məşhur milyarder Uorren Bafetin şərəfinə Bafet indikatoru da adlandırırlar. Azərbaycanda Bafet indikatorunun 50 faizdən az olması onu göstərir ki, bizim qiymətli kağızlar bazarını inkişaf etdirmək üçün geniş imkanlarımız var. Hərçənd ki, Azərbaycanda maliyyə bazarında ABŞ-da fərqli olaraq Avropada olduğu kimi aparıcı institutlar banklardı. Hazırda bizim qiymətli kağızlar bazarının 80 faizdən çoxu dövlət qiymətli kağızlarıdı. Azərbaycanda yığım səviyyəsi çox yüksəkdir. Dünya Bankının hesablamalarına görə 2018-ci ildə Azərbaycanda yığımın ÜDM-ə nisbəti 33 faiz olmaqla, dünyanın orta göstəricisini (25 faiz), habelə, Avropa və Mərkəzi Asiya ölkələrini (24 faiz) və bütün postsovet dövlətlərini geridə qoymuşdur. Yığımın qiymətli kağızlar bazarı üzərindən iqtisadiyyatın real sektoruna cəlb edilməsi imkanlarımız çox böyükdür. Bunun üçün Azərbaycanda investisiya şirkətləri, investisiya fondları, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları, dilerlər və beynəlxalq maliyyə təşkilatlarının qiymətli kağızlar bazarında aktivliyinin daha da artırılması zərurəti var. Qiymətli kağızlar bazarı təkcə milli səviyyədə yığımı real sektora yönəltməyəcək, həm də xarici bazarlardan da sərmayə cəlb edə bilər.

İnnovativ maliyyə mexanizmləri inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə əlverişli resurs axınını təmin edir, yeni maliyyə mənbələrini və ya yeni tərəfdaşları cəlb etməklə əlavə inkişaf fondları yaradır, ölkəyə səmərəli maliyyə axınlarının artırır və eyni zamanda, həmin maliyyə axınlarının subsidiyalar və ya güzəştlər formasında istifadəsi ilə nəticə əsaslı qiymətləndirmənin aparılmasını təmin edir. Davamlı İnkişaf Məqsədlərinə (SDG) əsasən ən çox investisiya tələb olunan enerji, iqlim dəyişkənliyi, nəqliyyat, ekosistemin biomüxtəlifliyi, təhsil, səhiyyə və bu kimi sahələrin maliyyələşdirilməsi istiqamətində innovativ maliyyə mexanizmləri böyük tövhə verir. İnnovativ maliyyələşdirmə özündə bir çox mexanizmləri əks etdirir. Bura maliyyə məhsulları, riskin azaldılması mexanizmləri, nəticə əsaslı maliyyləşdirmə və texnoloji həllər daxildir. Maliyyə məhsulları isə öz növbəsində istiqrazlar və bank notları, kreditlər, mikromaliyyələşdirmə, KOB-ların maliyyələşdirilməsi, vençur kapitalı və özəl kapital fondları kimi alətlərdən ibarət olmaqla kapital bazarında vəsaitin cəlb edilməsini və ya artırılmasını təmin edir. Riskin azaldılmasını təmin edən mexanizmlərə isə subsidiyalar, zəmanətlər, sığorta və opsionlar daxildir. Nəticə əsaslı qiymətləndirilən ödənişlərə iqtsadi/sosial təsir imkanları olan istiqrazlar aid edilir. Son olaraq texnoloji yeniliklərə dayanan maliyyə mexanizmləri blokçeyn, rəqəmsal texnologiya və kroudfanding alətlərini özündə birləşdirir.

- Azərbaycanda aktivə əsaslanan maliyyə sisteminin inkişafı perspektivləri barədə nə düşünürsünüz?

- Aktivə əsaslanan maliyyə faiz əsaslı ənənəvi maliyyə sistemindən fərqli olaraq yalnız aktivlərə əsaslanır, yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulasiya əməliyyatlarının aparılmasını isə qadağan edir. Aktivə əsaslanan maliyyə alətlərinin xüsusiyyətləri məhz maliyyə təşkilatlarının öhdəlik strukturunda təzyiqin azalmasına və eyni zamanda kapitallaşma səviyyəsinin artırılmasına xidmət edir. Azərbaycan Türkiyə təcrübəsindən istifadə edərək aktivə əsaslanan maliyyə sisteminin inkişafını nəzərdən keçirə bilər. Aktivə əsaslanan maliyyə alətlərinin müvəffəqiyyətli tətbiqi həm real sektorda, həm də maliyyə-bank sektorunda şəffaflıq və hesabatlılıq prinsiplərini təşviq edə bilər. Ümumiyyətlə, aktivə əsaslanan maliyyə institutları, real sektorda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi, həmçinin kiçik və orta sahibkarlığın maliyyə əldə etmək imkanı üçün yaxşı platforma hesab olunur və bununla da iqtisadi inkişafa dəstək olur. Nəticədə, bir sıra Müsəlman ölkələrində aktivə əsaslanan bankçılıq aktivlərinin ənənəvi bank aktivlərindən daha sürətli inkişafı nümayiş olunmuşdur. Bununla yanaşı, müsəlman olmayan ölkələr aktivə əsaslanan maliyyəyə maraq göstərmiş və hazırda Böyük Britaniya, Lüksemburq və Honq Konq kimi ölkələrdə aktivə əsaslanan maliyyə alətlərinin geniş tətbiqi müşahidə olunur.
Bundan əlavə, Azərbaycanda aktivə əsaslanan maliyyənin inkişafı xarici investisiyaların (xüsusən də Körfəz ölkələrindən) cəlbi üçün əlavə təkan ola bilər. Bunun üçün Azərbaycanda effektiv və uyğun tənzimləyici çərçivənin mövcud olması lazımdır.

Hazırda dünyada aktivə əsaslanan maliyyə bazarının illik dövriyyəsi 1,67 trilyon ABŞ dollarını keçmiş və illik artım dinamikası 15-18 faiz təşkil edir. ABŞ və Avropa ölkələri uzun müddətdir ki, bu sistemin geniş tətbiqini həyata keçirirlər. Belə ki, ABŞ-da 9, Böyük Britaniyada 22, Avstraliyada 4, Almaniya, Lüksemburq və Rusiyada 1 bank aktivə əsaslanan maliyyə qanunlarına əsasən fəaliyyət göstərir. Həmçinin dünyanın nəhəng bankları hesab edilən HSBC, Citi Bank, Lloyds TSD (U.K.), Deutsche Bank, UBS, Royal Bank of Scotland banklarında aktivə əsaslanan pəncərə (Islamic window) çərçivəsində müştərilərə xidmət strukturu yaradılmışdır. Qonşu ölkələrdə də aktivə əsaslanan maliyyə prinsiplərinin tətbiqinə start verilmişdir. Belə ki, Dubay şəhərində təsis edilmiş xüsusi zonaya uyğun olaraq Qazaxıstanın paytaxtında "Astana Beynəlxalq Maliyyə Mərkəzi" yaradılmış və bu xüsusi zona daxilində aktivə əsaslanan maliyyənin inkişaf etdirilməsi nəzərdə tutulur. Bundan əlavə, Rusiya hökuməti Tatarıstan Respublikası ilə birlikdə Kazan şəhərində bu növ xüsusi zonanın yaradılması istiqamətində işləri davam etdirir.

Son 30 il ərzində aktivə əsaslanan maliyyə alətlərinin çeşidliliyi əhəmiyyətli dərəcədə artmış və hazırda aktivə əsaslanan maliyyə sistemi təkmil investisiya bankçılığı, qiymətli kağızlar bazarı, sığorta və qeyri-bank maliyyə təşkilatlarından ibarətdir. Bu artım aktivə əsaslanan maliyyənin ümumi eko-sisteminin inkişafı və lazımi tənzimləyici və nəzarət çərçivəsinin yaradılması ilə müşayiət olunmuşdur. Belə ki, aktivə əsaslanan Maliyyə İnstitutlarının Mühasibat və Audit Təşkilatı (IMQMAT) və aktivə əsaslanan Maliyyə Xidmətləri İdarəsi (IMXI) mühasibat uçotu, tənzimləmə və nəzarət standartlarının müəyyən edilməsi və davamlı inkişaf etdirilməsi ilə vəzifələndirilmişdir. Bundan əlavə, Beynəlxalq aktivə əsaslanan Reytinq Agentliyi (BİRA) və Likvidliyi İdarəedən Mərkəz (LİM) fəaliyyət göstərir ki, aktivə əsaslanan maliyyənin hərtərəfli inkişafı təmin edilsin.

Aktivə əsaslanan maliyyəni dəstəkləyən tənzimləyici hüquqi çərçivənin qurulması Azərbaycanın iqtisadiyyatı üçün Körfəz və Asiya ölkələrinin coğrafi diversifikasiyaya nail olmaq istəyən investorlarının cəlb edilməsində yeni imkanlar yarada bilər.

- Cənab Prezident həm də kiçik və orta biznesin (KOB) maliyyələşməsinin əhəmiyyətini vurğuladı. Bu barədə nə deyə bilərsiniz?

- Hazırda dünyada biznesin 90 faizini və iş yerlərinin 50 faizini KOB-lar təmin edir. İnkişaf edən ölkələrin iqtisadiyyatının isə 40 faizi KOB-lara aiddir. Dünyada 2030-cu ilə qədər yaranacaq 600 milyon iş yeri ehtiyacının əsasən KOB-lar tərəfindən ödəniləcəyi gözlənilir. Cənab Prezident dünyadakı bu trendə uyğun olaraq Azərbaycanda KOB-ların inkişafını prioritet kimi elan etdi. Dünya Bankının hesablamalarına görə bütün dünyada KOB-ların əsas çətinliyi maliyyəyə çıxışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin də dəstək verdiyi və OECD-nin hazırladığı "Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə diversifikasiyanın sürətləndirilməsi" tədqiqatını 2018-ci ildə Parisdə OECD-nin baş qərargahında müzakirə etdik. Bu tədqiqatda Azərbaycanda KOB-un maliyyələşdirilməsi sahəsində maraqlı nəticələr və tövsiyyələr əldə olunmuşdur. Xarici maliyyələşdirmə, KOB-lar üçün, onların əməliyyatlarını genişləndirməyə, avadanlıqlarını modernləşdirməyə və yeni bazarlara çıxmalarına imkan verən vacib resursdur. Lakin, yüksək riskli profillər və məhdud kredit tarixçələrinin olması səbəbindən, KOB-lar tez-tez ciddi girov tələbləri və yüksək faiz dərəcələri ilə üzləşirlər ki, bu da onlar üzərində kredit məhdudiyyətinin qoyulmasına səbəb olur. Müraciət proseduraları mürəkkəbdir və bir çox KOB-un maliyyə hesabatlarını hazırlaya bilməməsi vəziyyəti şətinləşdirir. Xarici maliyyə vəsaitinə çıxış imkanlarının məhdud olması Azərbaycanda KOB-un artımına mane olur. OECD-nin Azərbaycandakı müəssisə sorğusunun nəticələrinə əsasən KOB-ların 58 faizi artıma maneə kimi maliyyə imkanlarının məhdud olmasını hesab edir.
Bank kreditləri KOB-lar üçün ən geniş yayılmış xarici maliyyələşmə üsulu olsa da, bir sıra alternativ maliyyələşdirmə alətləri də mövcuddur. Aktivlərə əsaslanan maliyyələşdirmə (məsələn, lizinq, faktoring), səhmdar kapitalının maliyyələşdirilməsi (məsələn, crowdfunding, venture capital) və alternativ borc alətləri (məsələn, korporativ istiqrazlar, zəmanətli borc). Məhdud borc maliyyələşdirmə kontekstində, xüsusilə lizinqə aktiv əsaslı maliyyə alətləri, bankların girov və ya kredit tarixçəsi tələblərinə cavab vermək üçün KOB-lara alternativ maliyyələşdirmə alternativ maliyyə mənbələri ola bilər.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni yaranmasına baxmayaraq KOB-un inkişafı istiqamətində uğurlara imza atır. Azərbaycanda Kiçik və orta biznesin inkişafı fondlarının (KOB İnkişaf Fondları) məqsədi KOB-ların inkişafı və onların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsidir. Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, İnnovasiyalar Agentliyi və EnterpriseAzerbaijan.com KOB-ların maliyyə mənbələrinə çıxışına dəstək verirlər. Cənab Prezidentin tapşırığına uyğun olaraq KOB-ların daha geniş miqyasda maliyyələşdirilməsi məsələləri öz həllini tapacaqdır.

- Cənab Prezidentin maliyyə-bank sektoru qarşısında qoyduğu əsas vəzifələri necə ümumiləşdirmək olar?

- Cənab Prezident İlham Əliyevin rəhbərliyilə daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanmış, effektiv tənzimləmə və güclü infrastruktur elementləri ilə əhatə olunmuş, inkişaf potensiallı maliyyə sistemi formalaşdırılır. İndiki halda cənab Prezident maliyyə sektorunun qarşısında həm də ölkənin davamlı iqtisadi inkişafını təmin etmək üçün səfərbər olunmağı vəzifə kimi müəyyənləşdirmişdir.


Etiketlər:  Vüsal Qasımlı Prezident İlham Əliyevin rəhbərliyi ilə maliyyə bank sektorunda inkişafın yeni mərhələsi başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ