Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2020 23:56
Çində yeni tip koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri, respirator xəstəliklər üzrə tanınmış mütəxəssis Con Nanşan COVID-19-un kanalizasiya sistemi vasitəsilə də yayılmasının mümkün olduğunu deyib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Çin Mühəndislik Akademiyasının akademiki Con Nanşan bu səbəbdən ictimaiyyəti ev və iş yerlərində, ictimai binalarda, xüsusən xəstəxanalardakı kanalizasiya borularının normal işlədiklərini yoxlamağı tövsiyə edib. O, kanalizasiya borularındakı tıxacların tullantı sularında ehtimal olunan virusun havaya buxarlanmasına və beləliklə insanlara yoluxmasına imkan yarada biləcəyini deyib.
Akademikin rəhbərlik etdiyi qrup koronavirusa yoluxmuş bir neçə xəstənin nəcis nümunələrində COVID-19 ştammını aşkar ediblər. Bu, koronavirusun həzm orqanları və nəcisdə yaşamağa davam etdiyini, bu yolla yayılma şübhəsini ortaya çıxarıb.
Con Nanşan 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS) epidemiyası zamanı kanalizasiya sisteminin qüsurlu konstruksiyası səbəbindən Honkonqda 300-dən çox adamın xəstəliyə yoluxduğunu xatırladıb.
Fevralın əvvəlində isə yenə Honkonqda çoxmərtəbəli binanın müxtəlif mərtəbələrində yaşayan iki nəfərin virusa yoluxması aşkar edildikdən sonra binadakı bütün sakinlər təxliyə edilib. Hazırda səlahiyyətli qurumlar yaxın təmasda olmamış həmin iki nəfərin necə virusa yoluxduğunu araşdırırlar. Bu məsələdə ekspertlərin kanalizasiya borularının virusu yaymasının mümkünlüyü barədə şübhəsi də nəzərdə saxlanılır.
Qeyd edək ki, Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindəki dəniz məhsulları və vəhşi heyvan əti satılan bazardan yayıldığı güman olunan koronavirusun yeni ölümcül növünə (COVID-19) yoluxanların sayı Çin və digər 25 ölkədə ümumilikdə 75 mini ötüb. İndiyədək 2007 nəfər Çində, o cümlədən 2 nəfər Honkonq xüsusi inzibati bölgəsində və bir nəfər Tayvan adasında), 3 nəfər isə xaricdə (Filippin, Yaponiya və Fransa) bu virusdan ölüb.