Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2020 12:33
"Trans-Adriatik boru kəməri (TAP) İtaliyanın qaz bazarını bir neçə istiqamətdə dəyişdirəcək".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman deyib.
Onun sözlərinə görə, İtaliya qaz idxalından çox asılıdır və TAP-ın istifadəyə verilməsi uzunmüddətli perspektivdə qaz tədarükü mənbələrinin şaxələndirilməsində vacib töhfə olacaq:
"İlk növbədə TAP vasitəsilə cənubi İtaliyaya qaz tədarük olunacaq ki, bu da ölkənin şimalı ilə cənubu arasında əlavə axınlara gətirib çıxaracaq. İkincisi, TAP ölkənin qaz qovşağı qismində əhəmiyyətini artıracaq və qonşu bazarlara inteqrasiyasına xidmət edəcək. Nəhayət, TAP vasitəsilə tədarüklə əlaqədar imzalanan qaz müqavilələri 2020-ci illərdə qaz idxalı üçün gələcək sazişlər üçün əsas olacaq".
Eyni zamanda Niderlandın "VEROCY" konsaltinq şirkətinin həmsahibi, ekspert Siril Viddershoven Trend-ə deyib ki, Azərbaycanın İtaliya üçün əhəmiyyəti artır:
"İtaliya Azərbaycanın imkanlarına təkcə daxili tələbat üçün qaz və neft idxalına maraq göstərmir, həm də Azərbaycanda digər enerji imkanları ilə maraqlanır".
Ekspert qeyd edib ki, Azərbaycan regional səviyyədə təkcə İtaliya üçün deyil, həm də bütün Avropa İttifaqı üçün iri iştirakçıdır:
"Azərbaycan bir neçə iri neft-qaz regionunun kəsişməsində yerləşir və bu, onu təkcə İtaliya üçün deyil, həm də Aİ üçün strateji vacib edir".