Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2019 16:56
Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır. “The Times” nəşrinin yaydığı məlumata görə, klublar onlara ayırılan biletlərin hamısını sata bilməyiblər.
Təbii haldır, qan qaraldacaq heç nə baş verməyib. Birinci dəfə deyil ki, UEFA turnirlərinin final qarşılaşmasında iştirak edən klublar və onların azarkeşləri belə addım atırlar. Kimsə bundan faciə düzəltməyə həvəs göstərməsin. Zatən UEFA-nın “Çelsi” və “Arsenal” azarkeşləri üçün ayırdığı biletlərin sayı Bakı Olimpiya Stadionunda yer tutumunun cəmi 10 faizini təşkil edir. Oyuna digər ölkələrdən də böyük maraq göstərildiyini nəzərə aldıqda, həmin biletlərin UEFA tərəfindən qısa müddət ərzində satılacağı şübhə doğurmur.
Dediyim kimi, biletlərin bir hissəsinin qaytarılması və azarkeşlərin bu və ya digər xidmət haqlarının baha olmasına narazılıq etməsi kimi hallar UEFA turnirlərinin nəinki final qarşılaşmaları, hətta qrup oyunları ərafəsində də yaşanır. Məsələn, “Arsenal”ın azarkeşləri ötən il də hay-həşirlə UEFA-a müraciət etmişdilər ki, Madridin “Vanda Metropolitano” stadionunda qiymətlər bahadır bə bu səbəbdən də onlar Avropa Liqasının ¼ mərhələsində “Atletiko” ilə üz-üzə gələcək komandalarına istədikləri səviyyədə dəstək verə bilməyəcəklər. İngilislər həmin müraciətdə Madridə təyyarə biletlərinin süni şəkildə bahalaşdırılmasına da narazılıqlarını ifadə etmişdilər.
Biletlərdən kütləvi imtina halları və böyük azarkeş etirazı ötən il UEFA Çempionlar Liqasının Kiyevdə keçirilmiş final qarşılaşması ərəfəsində qeydə alınıb. “Real Madrid” klubunun azarkeşləri aviabiletlərin və Kiyevdə otel qiymətlərinin “fantastik dərəcədə bahalaşmasına” görə “Liverpul”-“Real” qarşılaşmasının biletlərini geri qaytardılar. Azarkeşlərin etirazı əməlli-başlı qalmaqala çevrilmişdi. Finala görə Ukraynada ayrı-ayrı xidmətlərə görə qiymətlərin “ağlasığmaz şəkildə” bahalaşması faktını dünya mətbuatı da sərt tənqid edirdi.
Bəli, azarkeşlərin belə mötəbər futbol turnirlərinin oyunlarında iştirakı heç də asan başa gəlmir. Ən inkişaf etmiş Avropa ölkələrində belə keçirilən qarşılaşmalar ərəfəsi azarkeşlərin bu və ya digər məsələyə görə narazılığı müşahidə olunur. Bu da təbiidir, qitənin ən prestijli turnirlərinin oyunlarında hamı iştirak etmək istəyir. Lakin gediş-gəliş xərcləri heç də hamı üçün əlçatan olmur. Deməli, emossional reaksiyalarda, azarkeşlərin incikliyində təəccüblü heç nə axtarmamalıyıq. Bəzən azarkeşlər oyunların nəticələrinə də etiraz edəcək qədər əsəbləşə bilirlər…
İngilislər hazırda Madridlə də bağlı geniş etiraz kampaniyaları aparırlar. İş elə gətirib ki, UEFA Çempionlar Liqasının da finalında iki ingilis klubu qarşılaşacaq – “Liverpul” və “Totenhem”. Azarkeşlər və klubları təmsil edən şəxslər İspaniya hökumətinin əleyhinə sərt tənqidi fikirlər səsləndirirlər. Hətta “Liverpul” azarkeşlərinin birliyi olan “Spirit of Shankly”lə “Totenhem”in fan klubu “Tottenham Hotspur Supporters” UEFA-ya birgə müraciət ünvalayıblar. Azarkeşlər hesab edirlər ki, Madriddə müşahidə olunan süni qiymət artımı “əməlli-başlı reketlikdir”. “Komandalarımızın finala çıxmasından nə qədər sevindiksə, Madriddəki vəziyyətdən bir o qədər kədərləndik. Təəssüf edirik ki, aviabiletlərin və otellərin qiymətinin əndazəyə sığmayan dərəcədə bahalaşması səbəbindən azarkeşlərin çoxu final oyununu izləyə bilməyəcək. Bu isə bizim hüquqlarımızın pozulması deməkdir” – deyə, müraciətdə qeyd olunur.
Bakının ünvanına “süni qiymət artımı” qınaqları səslənmir. İngilislər əsasən yolun uzaq olmasına görə gileylənirlər. Birincisi, hər iki komandanın azarkeşləri Bakıda olub. Yəni, yola-izə yaxşı bələddirlər. İkincisi, UEFA Bakının finala ev sahibliyi edəcək şəhər kimi seçəndə kim bilərdi ki, turnirin son oyununda iki ingilis komandası qarşılaşacaq? Bəlkə Azərbaycana yaxın ölkələrin klubları finala çıxacaqdı? Azərbaycanın paytaxtı öz namizədliyini irəli sürüb və UEFA İcraiyyə Komitəsi digər namizəd şəhərlərlə müqayisədə Bakının final qarşılaşmasına daha əlverişli şərait yaradacağına əmin olaraq belə bir qərar verib. Yəni bizim təkliflərimiz daha səmərəli hesab olunub. Odur ki…
…İngilislər nə qədər istəyirlər atılıb-düşsünlər, seçim qaydalar üzrə aparılıb və Bakı da buna layiq olduğunu sübut edəcək. Kimin nə deməsindən, hansı bəhanələrlə çıxış etməsindən asılı olmayaraq Azərbaycan üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirəcək. Mən buna əminəm. Sizin də şübhəniz olmasın!
Baxarsız, gələnlər deyəcək ki, NƏ YAXŞI Kİ, GƏLMİŞİK!
Gəlməyənlərə isə mesaj atacaqlar: YERİNİZ MƏLUM!
Hə, onu da unutmayaq ki, finalda ingilis klubları qarşılaşsa da, bizim qapımıza “top vurmaq” istəyənlər sıraya düzülüb…
Nicat DAĞLAR