Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 22:06
Dolama dırnağın ətrafındakı dərinin səthi infeksiyasıdır, onu əsasən stafilokoklar və ya göbələklər törədir. Dolama dırnağa bitişik dərinin üzərində qırmızı şişkin sahə kimi özünü göstərir, səthində irinli qabarıqlar olur. Göbələk infeksiyasından yaranan dolamanın bir növünə isə daha çox şəkərli diabet xəstələri və əllərini suda çox saxlayanlarda rast gəlinir. Həmin infeksiyalar gec əmələ gəlsə də, qalma müddəti uzun olur. Kəskin infeksiya dırnağın ətrafı və epidermisdən adlayıb alta keçərək ağrılı absesin yaranmasına səbəb olur. Dırnaq dibindəki dəri qabarır və ondan ayrılmır. Dırnaqda rəngin dəyişməsi müşahidə edilir, infeksiya barmağın içinə keçərək vətərə də yayıla bilər. Dəri boyu qırmızı cizgilər bakteriyanın qana düşməsindən xəbər verir və həmin hallarda həkimə müraciət etmək lazımdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, uzun illərdən bəri xalq təbabəti ilə məşğul olan Fikrət Musayev dolamadan xilas olmaq üçün ən sadə üsullar barədə məlumat verib: "Məsələn, quru soğan közdə bişirilərək yanan hissə götürülür, digər hissəsi isə döyülür, azca zeytun yağı və xeyli miqdarda paltar sabunu əlavə edilərək xəstə nahiyəyə sarınır. Yaxud 50 qram xına və ilıq su ilə məcun hazırlanır, hər gün həmin nahiyəyə sürtülür. 100 qram ispanağın 50 qram zeytun yağında zəif ocaqda bişirilərək lay şəklində xəstə nahiyəyə çəkilməsi də faydalıdır.
Digər üsul isə belədir: 30 qram duzsuz kərə yağı, 50 qram zeytun yağı və 50 qram bal mumundan zəif ocaqda məcun hazırlanır və barmağın dolama olan nahiyəsinə sarınır. Yaxud 1 stəkan isti suya 2 xörək qaşığı soda əlavə edilir, xəstə barmaq həmin məhlulda yarım saata qədər saxlanılır. Prosedur 2-3 gün ərzində gündə 3-4 dəfə təkrar edilir. Müalicədən sonra zədəli yerin ətrafına mütləq yod vurmaq lazımdır, həmin prosedurdan sonra dırnaq ağrısız qopub düşür".
F.Musayev dolamadan xilas olmaq üçün daha iki resept söyləyib: "Bir çimdik mis kuposu 50 ml ilıq suya əlavə edilərək müalicəvi məhlul alınır, xəstə barmaq məhlulun içərisinə salınaraq 15 dəqiqə saxlanılır. Bundan başqa 2 xörək qaşığı xörək duzu və 1 çay qaşığı su sodası 1 stəkan qaynadılmış isti suda həll edilir, xəstə barmağın suyun içərisinə salınaraq soyuyanadək saxlanılması da dolamanın sağalmasına səbəb olur".