Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 08:50
26 fevral 2020-ci il tarixində ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Konqresin Xarici Məsələlər Komitəsini üzvü Konqresmen Stiv Şabot (Steve Chabot) Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış etmişdir.
Azərbaycanın ABŞ-daki səfirliyindən Sonxeber.net-a verilən məlumata görə, konqres üzvü S.Şabot Konqresin gündəliyində qeydə alınmış bu bəyanatı verməklə yanaşı, 26 fevral 2020-ci il tarixində Xocalı qətliamının 28-ci ildönümü ilə bağlı ABŞ Konqresində Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin dinləmə zalında keçirilmiş anım tədbirində də iştirak etmişdir.
Konqres üzvü Ermənistan-Azərbaycan münaqişəsinin ən qara fəsli adlandırdığı Xocalı qətliamının qurbanlarını dərin hüznlə yad etmiş və bildirmişdir ki, 1991-ci ilin payızında Erməni və Sovet qüvvələri Dağlıq-Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə almağa başlamış, şəhəri bombaladıqdan sonra Fevralın 25-dən 26-na keçən gecə qüvvələr hücuma keçmiş, qadınlar, uşaqlar və yaşlı insanlar daxil olmaqla 600 günahsız Azərbaycanlını qətlə yetirmişlər. Yüzlərlə insan əlil qalmışdır.
Human Rights Watch təşkilatının 1992-ci il hesabatına istinad edən Konqres üzvü qeyd etmişdir ki, şəhərdən qaçan əhaliyə qarşı hücumlar "qəsdən adət hüququnun qoyduğu məhdudiyyətlərə məhəl qoymamışdır".
Konqres üzvü daha sonra vurğulamışdır ki, Xocalı qurbanları bizə sülhün dəyərini xatırladır. ABŞ-ın və beynəlxalq ictimaiyyətin danışıqlar yolu ilə səylərinə baxmayaraq, münaqişə hələ də davam edir. Bununla əlaqədar, münaqişəyə tərəflər on illər boyu davam edən bu münaqişənin həlli istiqamətində Minsk Prosesinə dəstək verməyə çağırılır.
Demək olar 30 ilə yaxın bundan əvvəl Xocalıda baş vermiş dəhşətli hadisələr zamanı həyatlarını itirmiş günahsız insanların xatirəsini bir daha yad edən Konqres üzvü digər həmkarlarını Azərbaycanın bu faciəvi gününü xatırlamağa çağırmışdır.