Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər: Dinozavrları öldürən asteroid okeanı metallarla zənginləşdirib

Alimlər: Dinozavrları öldürən asteroid okeanı metallarla zənginləşdirib

Tarix: 4 Mart 2020 06:32

Yaponiya alimlərinin tədqiqatı göstərdi ki, yaşı 66 milyon il olan okean gili xalkofil elementlərlə zəngindir. Alimlərin çoxunun fikrincə, məhz o zaman asteroidin Yerlə toqquşması canlıların kütləvi məhvinə gətirib çıxarıb ki, nəticədə dinozavrlar Yer üzündən silinib. Tədqiqatın nəticələri "Geological Society of America Bulletin" nəşrində yer alıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Yaponiyanın Tsukuba Universitetinin alimləri Danimarkada Stevns Klint ərazisində Təbaşir və Paleogen dövrləri arasına aid olan gil süxurunu tədqiq ediblər. Məlum olub ki, gil qatları ətrafdakı digər süxurlarla müqayisədə mis, gümüş, qurğuşunla daha çox zəngindir, sink, qallium, arsen isə daha az miqdardadır.

Qeyd olunan metalların iridiumla - kosmik mənşəli elementlə assosiasiyası, yaş baxımından isə Meksikanın Yukatan yarımadasındakı Çiksulub krateri ilə üst-üstə düşməsi alimləri bu fikrə gətirib ki, xalkofil elementlərlə zənginlik də dinozavrların məhvinə səbəb olan asteroidlə bağlıdır.

Stevns-Klintdəki gil süxurlarında xalkofil metalların bir hissəsi dəmir sulfidlə - piritlə (FeS₂) əlaqəli olub (bu adi haldır), digər hissəsi isə əlaqəli olmayıb. Lakin onların hamısı iridiumla assosiasiya olunub. Teruyuki Maruokanın fikrincə, gilin hər iki komponentində elementlərin zənginləşməsi iridiumun çoxluğu ilə müşayiət edildiyi üçün, hər iki komponent asteroidin təsiri ilə bağlı proseslərdən törəyə bilərdi.

Alimlərin gəldiyi qənaətə görə, gilin sulfid minerallarına xalkofil elementləri gətirən isə asteroid zərbəsi nəticəsində yaranmış buxar buludunda olan dəmir oksidi və hidroksididir. Həmin buxar buludundakı dəmir oksidi və hidroksidinin gətirdiyi xalkofil elementlər Yer üzünün hər yerinə yayıla bilir və okean sularına çökürdü. Okeanın dibində bu elementlər pirit kimi sulfid minerallarla birləşir və ya dərinlikdə olan gil qatlarında qatışıq elementlər kimi yığılırdı.

"Həm dəmir oksidi və hidroksidləri, həm də xalkofil elementlər asteroid zərbəsindən dağılmış dağ süxurlarından ətraf mühitə yayılır, sonra qatışıq kimi piritə qoşula bilirdi", - deyə Teruyuki Maruoka izah edir.

Bundan başqa, mis və gümüş üzvi maddələrdə toplana bilər və sonra ayrıla bilər, xalkofil elementlər isə su ilə, eləcə də asteroidin düşməsindən sonra yaranmış turşulu yağışlar tərəfindən yuyula bilərdi. Bu, piritdən əlavə, xalkofil elementlərin müstəqil minerallarının formalaşmasına səbəb ola bilər.

Tədqiqatın nəticələri Yer üzündə Təbaşir və Paleogen dövrləri arasında baş vermiş qlobal fəlakətin daha bir aspektini açır.


Etiketlər:  Alimlər Dinozavrları öldürən asteroid okeanı metallarla zənginləşdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ