Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 07:36
Avstriyanın Zaltsburq şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Zalzburg şəhərində Xocalı soyqırımının qurbanlarının xatirəsi anılıb tədbiri giriş sözü ilə açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından danışıb. O qeyd edib ki, 28 il bundan öncə törədilən bu faciənin erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğınının genosid faktı və insanlığa qarşı ən ağır cinayətlərdən biridir.
F. Əzizov Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırdığını, bunun isə beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən son dövrdə Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünün bir daha vurğulandığı qətnamədə öz əksini tapdığını, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynamasının böyük əhəmiyyətini xüsusi vurğulayıb. O, bildirib ki, Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməli, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına, sülh və ədalət çağırışlarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdırlar.
Daha sonra çıxış edənlər Xocalıda körpələrə, qocalara, qadınlara divan tutulduğunu, amansız və ağılasığmaz işgəncələr verildiyini, misli görünməyən təcavüz həyata keçirildiyini bildirərək beynəlxalq təşkilatların bu məsələdə passiv mövqe nümayiş etdirdiklərini, BMT-nin qəbul etdiyi 4 Qətnamənin kağız üzərində qaldığını, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və ya birtərəfli fəaliyyəti nəticəsində işğalın və təcavüzün Ermənistan tərəfindən hələ də davam etdirildiyini, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumulduğunu, Xocalı faciəsinin, ümumilikdə Azərbaycan xalqına qarşı törədilmiş haqsız cinayətlərin, müsibətlərin unudulmaması və qan yaddaşımızın gələcək nəsillərin də yaddaşında möhkəmləndirilməsi məqsədilə maarifləndirilməsini özlərinə mənəvi borc bildiklərini qeyd edərək, vətən uğrunda şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyiblər.
Sonda Xocalı soyqırımının qurbanlarının ruhuna dualar oxunub, onların xatirəsinə ehsan süfrəsi açılıb.