Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2019 08:51
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr ölkədə sabitliyi pozmağa cəhd edirlər. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
B.Sadıqov bildirib ki, Azərbaycan müstəqilliyə qədəm qoyan gündən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ortaya atılıb, Ermənistana Azərbaycan torpaqlarını işğal etməsi üçün dəstək verilib:
“Azərbaycanın 20 mindən çox şəhid verməsinə, ərazisinin 20 faizinin işğal edilməsinə, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan inkişaf edir, gündən-günə dünyaya inteqrasiya edir, siyasi nüfuzu artır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edib, bu ildən Qoşulmama Hərəkatı kimi iri təşkilata sədrlik edəcək. Bəzi qüvvələr gənc, ərazisinin 20 faizinin işğal altında olduğu bir ölkənin qısa müddətdə bu qədər inkişaf etdiyini, bu qədər nüfuz sahibi olduğunu qəbul etmək istəmirlər. Burada qısqanclıq da var, ikili standartlar da".
Millət vəkili vurğulayıb ki, Azərbaycan çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyaya multikultural dəyərlər bəxş edir: "Azərbaycanın multikulturalizm modeli dünyada öyrənilir, təbliğ olunur. Yəni Azərbaycan bütün bu işləri bacarır. Ən mühüm məqam isə odur ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət yürüdür, Azərbaycanın həm daxili, həm də xarici siyasətinin mərkəzində Azərbaycanın milli maraqları dayanır".
Onun sözlərinə görə, bir sıra ölkələr çalışırlar ki, Azərbaycana diktə etsinlər, Azərbaycanla əməkdaşlıqda daha çox onların maraqları təmin olunsun:
"Lakin Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, diplomatik məharəti buna imkan vermir. Belə bir vəziyyətdə onlar Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafı qarşısında əngəllər yaratmaq istəyirlər. Bu məqamda isə “5-ci kolon”a əl atırlar. Çox təəssüf ki, Azərbaycanda olan dağıdıcı, radikal müxalifət nümayəndələri, Azərbaycandan çıxıb haradasa hansısa yolla sığınacaq almış şəxslər bu işdə ölkəmizə düşmən qüvvələrə, anti-Azərbaycan şəbəkəyə dəstək verirlər, qrant üçün, orada yaşamaq üçün Azərbaycanın milli maraqlarına qarşı çıxırlar. Azərbaycanı, belə demək mümkünsə, boğa bilməyənlər, inkişafına mane ola bilməyənlər bu qüvvələrə tapşırıqlar verir, onları aktivləşdirirlər. Amma mənası yoxdur, çünki Azərbaycan xalqı özü də bu məsələlərdə böyük təcrübə toplayıb, öz Prezidenti ətrafında birləşib. Xalq-iqtidar birliyi, Azərbaycanın inkişafı bu cür destruktiv qüvvələrə ən böyük zərbədir və onlar heç zaman öz niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki xalq buna özü müqavimət göstərir, onların qarşısını özü alır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin