Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 19:42
Bahəddin Həziyev: "Öz payımızdan qaytarıb anam üçün qazana qoyduğumuz da çox olub"
Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.
"Atamı uşaq vaxtı itirmişəm. Yəqin buna görədir ki, uşaqlıq xatirələrimin ən doğmaları onunla bağlıdır. Bu yaxınlarda 55 yaşımı tamam edəcəm. Amma hiss edirəm ki, günü bu gün də ona ehtiyacım var". "Keçmişdəki mən" rubrikasının budəfəki qonağı bizimyol.info saytının baş redaktoru Bahəddin Həziyevdir. Onunla söhbət zamanı uşaqlıq və gənclik illərinə qiyabi səfər etdik. Uşaqlıq illərini Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində keçirən həmsöhbətim deyir ki, çoxuşaqlı ailədə böyüyüb: "Ailədə 7 uşaq olmuşuq. Mən üçüncü uşaq idim. Atamı 10 yaşım olanda itirmişəm. Uşaqlıq illərim kənd yerində, müxtəlif çətinliklərlə yadımda qalıb. Atam yox idi deyə, anam işləyib bizə baxırdı. Ona çətin idi. Buna görə qısa müddətdə zəhmətə alışdıq. Ailəmizi dolandırmaq üçün müxtəlif əziyyətlərə qatlaşmağa məcbur idik. Bütün uşaqlar yaşıdları ilə oynamağı, əylənməyi sevir. Bizim vaxtımızda da qız uşaqları müxtəlif gəlinciklərlə, oğlanlar isə maşınlarla oynayırdı. Çünki oyunlar uşaq üçün həyatı öyrənməyin ən yaxşı yoludur. Düzü, bizim işləməkdən və oxumaqdan oynamağa, demək olar, vaxtımız qalmırdı. Təsərrüfatda işləyir, anama kömək edirdik. Mən xaraktercə dəcəl uşaq deyildim. Cox sakit təbiətli və oxumağa meylli olmuşam. Oynamaqdan çox dərsə, kitaba marağım vardı".
Həmsöhbətim o illərdən yadında qalan maraqlı xatirələri də bizimlə bölüşdü: "Hamının uşaqlıq illərindən unudulmayan xatirələri çoxdur. Mənim uşaqlıq xatirələrimin bir çoxu atamla bağlıdır. Bəlkə də onu tez itirdiyimə görə bu xatirələr mənə daha əziz gəlir. Bizim böyük bağımız vardı. Atam bağa-bağçaya həvəsli adam idi. Bizə də calaq etməyi, ağaca qulluğu öyrədirdi. İsti yay günlərindən biri idi. Məni bağa çağırdı. Gördüm qarışqa yuvasının yanında dayanıb, qaynaşan qarışqalara baxır. Həmin il bir az quraqlıq vardı. Qarışqalar da yem tapmaqda çətinlik çəkirdi. Atam dedi: "Get, evdən buğda gətir". Evdə ciblərimə iki ovuc buğda doldurub atamın yanına qayıtdım. O, buğdanı qarışqaların yuvasının qarşısına səpib: "Burda dayan, qoyma toyuqlar buğdanı yesin. Qoy qarışqalar bu buğdanı öz yuvasına daşısın" dedi. Sonra da əlavə etdi: "İki ovuc buğdanın çörəyi bizə bir gün də bəs etməz. Amma qarışqalar bu buğda ilə qışı çıxara bilər". Onun bu sözləri mənim üçün həyat dərsi oldu. Mən bu haqda yazmışam. O, bizə uşaqlıqdan daha çox paylaşmağı öyrədirdi. İndiki dövrdə bu, bəzən müəyyən çətinlik yaratsa da, heç vaxt narazı olmamışam. Bir də anamdan bir xatirə deyim. Hər dəfə bişirdiyi yeməkdən bizə çəkəndə soruşurduq ki, özünə qaldımı? Deyirdi: "Saxlamışam, çoxdur". Ancaq çox vaxt baxırdıq ki, yemək az olub, biz yeyək, doyaq deyə özünə saxlamayıb. Gizlincə öz payımızdan qaytarıb anam üçün qazana qoyduğumuz zamanlar da çox olub".
Müsahibim deyir ki, əlaçı şagird olub: "Orta məktəbi bütün fənlər üzrə əla qiymətlərlə bitirdim. O dövrdə əla qiymətlərlə bitirən məzunlara qızıl medal verirdilər. Mənə də düşürdü, ancaq qızıl medalı məktəbin partiya komitəsi sədri olan riyaziyyat müəlliminin oğluna verdilər; aşağı qiymətlərini sonradan düzəltmişdilər. O uşaq da o zamankı Xalq Təsərrüfatı İnstitutuna elə ilk imtahandan kəsildiyinə görə, rayon maarif şöbəsinin müdirinə töhmət verildi, direktorumuzu işdən çıxardılar. Mənə görə cəzalanan direktorumuza üzüldüm, ancaq o da vardı ki, mənim haqqım yeyilmişdi; bununla barışa da bilməzdim. Oxumağa, elmə həmişə böyük marağım olub. Bəzən evdə, təsərrüfatda anama kömək üçün dərsə getmədiyim günlər olurdu. Bir müddət gözümdən müalicə aldığıma görə dərsə gedə bilməmişdim. Amma heç vaxt dərsdən qaçmamışam. Əslində dərsdən qaçanlara da o qədər pis baxmırdım, uşaq ağlıdır. İndiki ağılları olsa, qaçmazdılar ki. Yaşadığım çətinliklər məni yaşımdan tez böyütdüyünə görə müəllimlərimi incitmir, dəcəllik etmirdim".
Bahəddin müəllim məktəbi bitirdikdən sonra jurnalistika fakültəsinə sənəd vermək istəsə də, bunu edə bilməyib. Çünki fakültəyə qəbul üçün iki il iş stajı və hərbi xidmət keçmək tələb olunurmuş: "1983-cü ildə orta məktəbi bitirdim. Hələ orta məktəb illərində şeirə, ədəbiyyata, jurnalistikaya marağım vardı. Bizim ədəbiyyat müəllimimiz Məhəmməd müəllim Hüseyn Cavidin tələbəsi olmuşdu. Məndə yazıya-pozuya həvəsi o yaratmışdı. Mən də elə o illərdən məqalələr, şeirlər yazırdım. Orta məktəbdə oxuyarkən yazılarım artıq rayon qəzetində dərc olunurdu. Beşinci sinifdə oxuyandan deyirdim ki, jurnalist olacam. Amma şərtlər mənim bu fakültəyə qəbul olmağıma imkan vermədi. Mən də sənədlərimi kitabxanaçılıq fakültəsinə verdim. Məqsədim bu idi ki, sonradan jurnalistikaya keçərəm. Beləcə, kitabxanaçılığa qəbul oldum. O dövrdə belə qayda var idi ki, birinci kursdan sonra tələbələri hərbi xidmətə aparırdılar. Biz də birinci kursu bitirib əsgərliyə yollandıq. Ordudan qayıtdıqdan sonra yenə də jurnalistika fakültəsinə keçmək istədim. Dəfələrlə cəhd elədim. Fakültə rəhbərliyi və dekanımız buna imkan vermədi. Amma jurnalistikada oxuyan tələbələrlə çox sıx münasibətlərimiz var idi. Bəziləri ilə eyni yataqxanada qalırdıq. Sonradan mən universitetin qəzetində işləməyə başladım. Jurnalistika Sənətkarlığı İnstitutu deyilən ictimai universitet var idi. Orada iştirak etdim. Hələ tələbə ikən respublika mətbuatında yazılarım dərc olunurdu. Oxuduğum müddətdə öz xərclərimi qarşılamaq üçün bir müddət nəşriyyatda fəhlə işlədim. Gecələr qəzetləri çeşidləyir, bağlamaları maşınlara yükləyirdik. Sonradan mağazalarda gecə növbətçisi işləyirdim. Gecələr işləyir, gündüzlər dərsə gedirdim. Elə olub ki, bütün gecəni işləyib, səhər tezdən imtahanlara getmişəm. Bütün tələbələr evdən pul alırdı, mən isə əyani oxusam da, işləmək və özümü dolandırmaq zorundaydım. Hüquq, tarix fakültələrinin imkanlı tələbələrinə kurs, diplom işi üçün rusca kitablardan pul qarşılığında tərcümələr edirdim. Qazancım yaxşı olanda, kəndə - ailəmizə pul göndərdiyim hallar da olub".
Müsahibim deyir ki, hərbi xidmət dövrü də tələbəlik illəri kimi xatirələrlərlə yadda qalıb: "Hava Hücumundan Müdafiə Qoşunlarında - radiotexniki batareyada izləmə operatoru, radioteleqrafist kimi qulluq etmişəm. Bizim işimiz daha çox Cənubi Koreyada və Yaponiyada olan Amerika təyyarələrinin uçuşlarını izləmək və komanda mərkəzinə məlumat ötürmək idi. Xidmətimin axırına yaxın zabit vəzifəsinə - məxfi sənədlər otağının rəisi təyin olundum. Əsgərlərə 7, mənə isə 27 manat maaş verirdilər. Doğrusu, buna da üzülürdüm. Ona görə də xidmətə yeni gələn əsgərlərə, dostluq etdiklərimə də pul verirdim. Mən Saxalinin şimalında, Sakit Okeanın sahilində, bir müddət Kurildə - Kunaşir adasında xidmətdə olmuşam. Oranın iqlimi çox sərt idi. Bəzən 50 dərəcə şaxta olurdu. Sentyabrdan iyuna qədər qar yağırdı. Hərbi hissədə tək azərbaycanlı mən idim. Rus dilini bildiyim, universitet tələbəsi olduğum üçün elə çox çətin olmayıb. Əsas çətinliyim iqlimlə bağlıydı. İsti yerdən birdən-birə çox soyuğa düşmüşdüm, öyrəşmək zaman aldı".
Gənclik illərindəki şəxsi həyatı ilə bağlı suala cavabında deyir ki, hər kəsin həyatında yeniyetməlikdə, gənclikdə müəyyən hisslər olur. Bunun adı bəyənmək, simpatiyadır: "Çox vaxt bu hisslər gəlir keçir. İnsan ağıl və hissiyyatdan ibarətdir. Əgər insanın içindən ağlı çıxarsan, dəli olacaq. Hissiyyatı çıxarsan, duyğusuz robota çevriləcək. Amma bizim gənclik illərimiz elə dövrə təsadüf etdi ki, hisslərimizi yaşamaq lüksümüz olmadı. "Nə etməliyik?", "Həyatda öz yerimizi necə tapmalıyıq?" suallarını özümüzə verməyə məcbur idik. Gənclik illərimiz milli-azadlıq hərəkatı və Qarabağ müharibəsi dövrünə təsadüf etdi. Biz də bu hadisələrin bir parçası olmuşduq. Bir dəfə tələbəlik dostumla söhbətləşərkən mənə zarafatla dedi: "Bahəddin, bizim cavanlığımız elə dövrə düşdü ki, sevməyə də vaxtımız olmadı". Ancaq, əlbəttə ki, bu, bir zarafat idi. Vəziyyət lap elə də deyildi".
26 yaşında ailə quran həmsöhbətim deyir ki, övladlarının tərbiyəsində sərbəstliyə üstünlük verir: "İki övladım var, hər ikisi ali təhsil alıb. Mənə elə gəlir ki, istənilən məsələdə, xüsusilə, ailədə hər şey şəxsi nümunə əsasında formalaşır. Uşaqlara sözlə nəyisə aşılamaq, tərbiyə etmək çətindir. Demək istədiyini göstərməlisən. Məncə, ata-anaların şəxsi nümunəsi daha çox önəmlidir. Düşünürəm ki, uşağa daha çox azadlıq vermək lazımdır. Uşaqlarımızın həvəsinin qarşısına keçməli deyilik. Onlara nəyisə qadağa edib, arzusunun, istedadının və həvəsinin əksinə olan başqa bir sənəti, peşəni seçməyə sövq etsək, nə zamansa (bəlkə də elə hər zaman): "Öz yolumla getsəydim, daha uğurlu olardım" deyə düşünəcəklər. Məncə, insan sevdiyi işlə məşğul olmalı, sevdiyi şəxslə ailə qurmalıdır. Sağlam və gözəl övladlar da qarşılıqlı sevginin meyvəsidir. Uğur qazandığımız iş də sevdiymiz, könlümüzü və ömrümüzü verdiyimiz işdir. Sevdiyimizi edəcəyiksə, etdiyimizi sevəcəyik. Övladlarımızın sevgisi, arzuları, idealları, xəyalları hər şeydən əvvəl gəlməlidir".
Müsahibim düşünür ki, yeni nəsil hər zaman əvvəlkindən bir addım öndə olub: "Bəzən nəsillər arasındakı ziddiyyəti fəlakət kimi təqdim etməyə çalışanlar olur. Yaşlılar, hətta bəzən orta yaşlılar da belə düşünür. Elə deyil. Bu ziddiyyətdən qorxmaq lazım deyil. Hər bir inkişafın mayasında, özülündə konflikt dayanır. Dəyərlərin, maraqların konflikti olmasa, irəli gedə bilmərik, yerimizdə sayarıq. Müasir dövrün gəncləri sürətli yüksək texnoloji inkişaf dövründə yaşayır. Nəsillər arasındakı bu ziddiyyət əslində dağıdıcı deyil, yaradıcıdır. Biz niyə gəncləri özümüz kimi görməliyik ki?! Onlar bizdən fərqli olmasalar, toplumumuz necə irəli gedər?! Biz gəncliyə inanmalıyıq. Zamanında bizdən böyüklər də bizə inanıblar. Aqillərin dediyi kimi, hər şey axır, hər şey dəyişir. İndiki yeni nəsil yeni keyfiyyətlərə və çağırışlara cavab verir. Ancaq məni narahat edən bir şey də var: hərdən universitetlərin yanından keçəndə, dərsə gedib-gələn gəncləri görəndə fikirləşirəm ki, görəsən, bu gənclər sonradan işsizlər ordusuna qoşulacaq, yoxsa cəmiyyətdə özlərinə yer tapa biləcəklər? Bəli, indiki gənclərimizin əsas sıxıntısı iş tapmaq, özünü reallaşdıra bilmək, vaxtında ailə qura bilmək, ailəni dolandırmağa qadir olmaqdır. Burda çətinliklərimiz var. Biz daha çox bunları düşünməliyik. Bəzən bir neçə iş yerini, bir neçə vəzifəni eyni vaxtda əlində saxlayan yaşlı, lap elə orta yaşlı insanlar olur, məncə, gənclərimizi də düşünməliyik. Məmməd İsmayılın çox sevdiyim bir şeri var:
"Bir adam yol gedir bizdən qabaqda,
Hələ bir adam da bizdən sonra var".
Qabaqda gedən adamın arxasınca gələnə yol açmaq kimi bir borcu, mənəvi öhdəliyi var. Axı bizdən sonrakı gənclərimizdir. Təkcə özümüzü deyil, onları da düşünməliyik".
Sonda müsahibim gənclərə öz tövsiyəsini də verdi: "Bizim gənclərimiz çox aktiv, öyrənməyə meyllidir. Bir çoxları dünyaya çıxmaq həvəsindədir. Xaricdə təhsil alanlar da yetərincədir. Şükür ki, gənclərimizə belə imkanlar açılıb. Bu bünövrənin üzərində yaxşı bina tikmək olar. Onlara arzu və məsləhət haqqım varsa, tövsiyəm budur ki, öz istəklərinin ardınca getsinlər. Öz sevdikləri peşədə, sənətdə inkişaf etsinlər. Ən əsas məsələ cəmiyyətin problemlərinə can yandırsınlar. Bilik, təcrübə toplamaq çox yaxşıdır. Ancaq vətəndaşlıq mövqeyini də, vətəndaş məsuliyyətini də unutmamaq şərtilə".