Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 12:33
Bakı. İlhamə İsabalayeva – Trend:
Ali məktəblərdə bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr üçün sərbəst işə ayrılan vaxtın həcmi ilə bağlı məhdudiyyət aradan götürülüb.
Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”na (Bakalavriat Qaydaları) dəyişiklik edilib. Bakalavriat Qaydalarına edilən dəyişiklik tələbələr üçün sərbəst işin təşkili ilə bağlıdır. Belə ki, kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə də xidmət edir.
Bakalavriat Qaydalarının əvvəlki redaksiyasına əsasən, sərbəst işə ayrılan vaxtın həcmi ilə bağlı “50 faizdən az olmamaq” kimi tələb qoyulub. Bu isə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na (bundan sonra Kredit Qaydalari) ziddir.
Bu səbəbdən Bakalavriat Qaydalarında müvafiq dəyişikliklər edilib. Artıq tələbələr üçün sərbəst işin təşkili Kredit Qaydalarına əsasən tənzimlənəcək. Bu qaydaya əsasən, tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq, ali təhsil müəssisəsi və AMEA tərəfindən müəyyənləşdirilir.
“Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na (Magistratura Qaydaları) edilən dəyişikliklərin əsas hissəsi əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma növü ilə bağlıdır. Belə ki, tədrisə qismən cəlb olunan tələbələrin tədrisini təşkil etmək baxımından təhsil müddəti və məcburi auditoriya saatları ilə bağlı bəndlərə müvafiq düzəlişlər edilib. Belə ki, əyani təhsilalma formasının tədrisə tam cəlb olunma növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi əvvəllər olduğu kimi, ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir.