Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 00:46
Amerika və ərəb arxeoloqlarının Birləşmiş Ərəb Əmirliklərinin Rəs əl-Xayma əmirliyinin Qədim Abidələr və Muzeylər Departamentinin layihəsi çərçivəsində apardıqları tədqiqatlar zamanı 4 min illik tarixi olan sərdabalar tapılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Emirates" informasiya agentliyi məlumat yayıb.
Qədim Ümm-əl-Nar mədəniyyətinin (e.ə. 2600-2000-ci illər) mərkəzi olan "Şimal" arxeoloji məskənində Bürünc dövrünə aid qiymətli artefaktlar da aşkar edilib. ABŞ-ın Cənubi Alabama və Konnektikut universitetlərinin professorları Lesli Qreqorika və Ceym Ullinger sərdabalardan tapılan sümüklərin, habelə dişlərin izotop analizini ən müasir texnoloji aparatların köməyilə Birləşmiş Ştatlarda aparıblar. Bundan başqa, ABŞ-ın Milli Elm Fondu da 2021-ci ilədək bu ərazidə arxeoloji tədqiqatların davam etdirilməsinə maliyyə yardımı göstərməyi qərara alıb.
Əmirliyin Qədim Abidələr və Muzeylər Departamentinin direktoru Şeyx Səud bin Səqr bildirib ki, 400 kiloqram olan insan sümükləri tədqiqatlardan sonra geri qaytarılacaq. ABŞ arxeoloqları Omanla sərhəddə yerləşən qədim yaşayış məskənlərində tədqiqatları davam etdirmək niyyətindədirlər.
Rəs əl-Xayma şəhərinin yaxınlığındakı "Şimal" adlanan ərazi 4500 il əvvəl tarixə malik və bu bölgədə İslama qədər mövcud olmuş ən qədim yaşayış məskənidir. Burada uzun illərdir davam edən arxeoloji qazıntılar nəticəsində sərdabalarla yanaşı, gəmi qalıqları, bir çox məişət əşyaları, ov alətləri, nizələr və s. aşkar edilib. Artefaktlar şəhər muzeyində nümayiş etdirilir.
Bundan başqa, Rəs əl-Xayma (qədim adı Julfar) regionun ticarət mərkəzi rolunu oynayıb. Belə ki, arxeoloqlar bu ərazidə Çinin Yuan sülaləsi dövrünə aid əşyalar da tapıblar.