Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərsun Holdinq” Masazır Duz Zavoduna media-tur təşkil edib (FOTO)

“Azərsun Holdinq” Masazır Duz Zavoduna media-tur təşkil edib (FOTO)

Tarix: 13 Mart 2020 19:00

Bakı. Trend:

Hər zaman fəaliyyətini geniş ictimaiyyətə açıq tutan, şəffaflığı prioritet seçən “Azərsun Holdinq” ənənəsinə bu dəfə də sadıq qalıb. Mütəmadi olaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisələrinə ziyarət təşkil edən holdinq media qurumları və Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının üzvlərini "Azərduz", “Salute”, “Bizim Duz”, “Alfa” markalarının istehsal edildiyi Masazır Duz Zavodunda qonaq edib.

Səfər zamanı jurnalistlərə zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun keçdiyi prosedurlar ilə yaxından tanış olublar. Müəssisə ilə tanışlıq zamanı zavodun müdiri Nəbi Zeynalzadə jurnalistlərə Masazır Duz Gölündən XIX əsrdən duz emal edildiyini bildirib. O, 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması” haqqında qanunun imzalandığını deyib. Zavod müdirinin sözlərinə görə 2008-ci ildə UNİCEF və Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində əhali arasında yod çatışmazlığı səbəbindən yaranan xəstəliklərin geniş yayıldığı aşkar edilib və yodlaşdırılmış duzun istehsalını həyata keçirəcək müəssisəyə ehtiyacın olduğu barədə hesabat hazırlanıb. Bu məsuliyyətli iş isə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan “Azərsun Holdinq”ə etibar edilib. Nəbi Zeynalzadə bildirib ki, Masazır Duz Zavodunun açılış mərasimi 2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə baş tutub.

Bildirilib ki, illik istehsal həcmi 90.000 ton olan Masazır Duz Zavodunun fəaliyyətə başlaması “Regionların inkişafına dair” dövlət proqramına uyğun olaraq ətraf qəsəbələrdə yaşayan insanların məşğulluğunun təmin edilməsi və sosial-rifah halının yüksəldilməsinə də mühüm töhfə verir. Bundan əlavə, istehsal müəssisəsi tərəfindən mütəmadi olaraq müxtəlif sosial layihələr reallaşdırılır, aztəminatlı ailələrə bayram sovqatları təqdim edilir. Media tur zamanı jurnalistlərə Masazır Gölünün milli sərvət hesab edildiyi və onun ekoloji balansının qorunmasına xüsusi önəm verildiyi bildirildi.

Daha sonra media mənsublarının və aşpazların suallarını cavablandıran marketinq müdiri Lamiyə Bayramova qida duzlarının 3-cü, 2-ci, 1-ci, əla və ekstra olmaqla beş növünün olduğunu, zavodda əla növ xörək və ekstra növ süfrə duzlarının istehsal edildiyini bildirib. Bunlar isə, ən üstün keyfiyyət hesab olunur. Hazırda müəssisədə istehlakçlar tərəfindən sevilən pendir və turşu duzları ilə bərabər hər kəs tərəfindən çox yüksək qiymətləndiriləcək manqal duzu da istehsal edilir. Lamiyə Bayramovanın sözlərinə görə, duzun keyfiyyət göstəricilərinin yüksək olması sayəsində Ukrayna, Rusiya və Qazaxıstan kimi bütün dünyaya duz ixrac edən ölkələrə məhsul satışı imkanları artıb. Həmçinin yaxın zamanlarda ABŞ və Kanadaya duz ixracının həyata keçirilməsi üçün müqavilələrin imzalanması nəzərdə tutulub. Ötən ilin sonundan etibarən müəssisədə “Kosher” sertifikatlı duz da istehsal olunur ki, həm ölkə daxilindən, həm də xaricdən sifarişlər alınır.

Müəssisənin Logistika və satış bölmə müdiri Süleyman Rəhimov burada qida ilə yanaşı, qida sənayesi, qeyri-qida sənayesi və texniki duzların istehsal edildiyini söyləyib. Masazır Duz Zavodu ölkəmizdə ekstra keyfiyyətli duzdan tablet duzunun istehsalını həyata keçirən yeganə müəssisədir. Tablet duzları su təmizləmə sistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində, qazanxanalarda istifadə olunur.

Ziyarət çərçivəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaya baş çəkən qonaqlara keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi və şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın bu məsələyə xüsusi həssaslıqla yanaşdığı bildirildi. “Azərsun Holdinq”in rəhbərinin keyfiyyət fəlsəfəsinə uyğun olaraq bütün müəssisələrdə olduğu kimi burada da keyfiyyətə xüsusi önəm verilir. Keyfiyyət – xammal, qablaşdırma, son məhsul, kadrlar və bütün digər məsələlərdə əsas ünsür hesab edilir.
İstehsal prosesi barədə məlumat verən istehsal sahə rəisi Ruslan Allahverdiyev ən müasir texnika və avadanlıqlardan istifadə edildiyini bildirdi. Jurnalistlərə bütün prosesi əyani şəkildə nümayiş etdirən mütəxəssis istehsal olunan ekstra növ duzların minimum 99.7 faiz natrium xloriddən ibarət olduğunu və bu göstəricinin bütün dünya üzrə çox yüksək olduğunu. Duz Zavodunda qida duzları ilə bərabər sənaye duzlarının da istehsal edildiyini dedi.

KİV nümayəndələri və Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının üzvləri kulinarlar zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri də izləyiblər. Onlar burada son texnologiya ilə təchiz edilmiş zavodun, istehsal prosesindəki cihazların mərhələlərlə işlənməsi ilə tanış olublar. Jurnalistlərin suallarını cavablandıran Tural Əsgərov duzun yodlaşdırılmasının vacibliyindən danışdı, ev şəraitində adi su ilə duzu qataraq duzun keyfiyyətini müəyyən etməyin mümkün olduğunu söyləyərək bu prosesi nümayiş etdirdi.

Qeyd edək ki, Masazır Duz Zavodunda istehsal olunan məhsullar “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə” dair dövlət proqramına uyğun olaraq istehsal edilir və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəmadi olaraq apardığı monitorinqlərin nəticələrinə görə yüksək qiymətləndirilir.

“Azərsun Holdinq” Masazır Duz Zavoduna media-tur təşkil edib (FOTO) - Gallery Image “Azərsun Holdinq” Masazır Duz Zavoduna media-tur təşkil edib (FOTO) - Gallery Image “Azərsun Holdinq” Masazır Duz Zavoduna media-tur təşkil edib (FOTO) - Gallery Image “Azərsun Holdinq” Masazır Duz Zavoduna media-tur təşkil edib (FOTO) - Gallery Image “Azərsun Holdinq” Masazır Duz Zavoduna media-tur təşkil edib (FOTO) - Gallery Image


Etiketlər:  Azərsun Holdinq Masazır Zavoduna media təşkil edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ