Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 22:12
Beyin törəmələri beyin hüceyrələrinin anormal və nəzarətsiz böyüməsi nəticəsində meydana gəlir. Belə ki, bütün orqanlarda olduğu kimi beyində də hüceyrələr inkişaf edir, böyüyür, yaşlanır, parçalanır və yerini yeni hüceyrələrə verir. Lakin anormal hallarda hüceyrə parçalanmır və davam edən hüceyrə artımı nəticəsində həcmli kütlə əmələ gəlir ki, buna da törəmə deyilir. Beyin şişləri əsasən xoşxassəli və bədxassəli olaraq iki növə ayrılır.
Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a Milli Onkologiya Mərkəzinin neyrocərrahiyyə şöbəsinin müdiri Rasim Babayev məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, beyin şişlərinin yaranma səbəbi tam olaraq bilinməsə də, genetik və bəzi risk amillərinin həmin törəmələrin əmələ gəlməsində rol oynadığını demək olar. Belə ki yaş artdıqca beyin şişləri daha çox qeydə alınır, lakin azyaşlılarda - əsasən 10 yaşa qədər uşaqlarda da rast gəlinir. Ailədə bir nəfərdə beyin şişi olduğu halda ailənin digər üzvlərində də törəmənin olma ehtimalı bir qədər yüksəlir. Aparılan tədqiqatların nəticələrinə əsasən, həmçinin texnoloji inkişaf, radiasiya, havanın çirkliliyi, viruslar, kimyəvi maddələr və genetikası dəyişdirilmiş qidalar da beyin şişlərinin əmələ gəlməsində rol oynayır.
Mütəxəssisin sözlərinə görə, xəstəliyə aid şikayətlər əsasən törəmənin yerləşdiyi yerə görə dəyişir. Keçməyən baş ağrıları, mədə bulantısı, qusma, görmə pozulmaları, başgicəllənmə, yerimədə nizamsızlıq, bədənin bir hissəsində zəiflik və keyləşmə, unutqanlılıq, davranış pozulmaları və s. kimi şikayətlər daha çox qeydə alınır. Həmin əlamətlər olduğu təqdirdə vaxt itirmədən həkimə müraciət etmək çox vacibdir. Diaqnoz zamanı nevroloji müayinə ilə yanaşı, baş-beynin maqnit rezonans tomoqrafiyası da daha çox istifadə edilir. Müalicədə törəmənin cinsinə görə steroidlər, cərrahiyyə, radioterapiya və kimyaterapiya kimi üsullar tətbiq olunur. Bütün bu beyin şişlərinin müalicə üsulları son protokollara uyğun olaraq Milli Onkologiya Mərkəzində təşkil olunub.
"Beyin şişlərindən qorunma yollarını və səbəblərini araşdıran bir çox elmi tədqiqatlar var. Həmin məlumatlara əsaslanaraq bəzi tədbirlərin alınması faydalı ola bilər. Keçməyən və uzunmüddətli baş ağrıları olduğu təqdirdə vaxt itirilmədən həkimə müraciət etmək vacibdir. Stressdən uzaq durmaq və yuxu rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində beyin hüceyrələrində yorğunluq və stress nəticəsində toksik maddələrin yığılması olur. Aparılan son tədqiqatlara əsasən, sağlıqlı yuxu zamanı həmin toksik maddələr sürətlə təmizlənir. Araşdırmalarda radiasiya mühiti, mobil telefonlar, mobil rabitə operatorlarının baza stansiyaları, Wi-Fi kimi qaynaqlardan, xüsusilə uşaqları uzaq tutmağın vacibliyi bildirilir. Belə ki, şüa müalicəsi hər nə qədər şiş xəstəliklərində istifadə edilsə də, kiçik yaşlı uşaqlarda şüa müalicəsi aparılmır. Mobil telefonlardan istifadə qaydalarına riayət etmək məsləhətdir - qulaqlıqlardan gün ərzində 30 dəqiqədən çox istifadə edilməməli, gecə yatarkən mobil telefonlar söndürülməli və ya uzaq tutulmalıdır və s.
Qidalanmaya diqqət yetirmək, immuniteti artıran qida və meyvələrdən istifadə etmək, genetikası dəyişdirilmiş qidalardan uzaq durmaq tövsiyə olunur. Paketlənmiş və saxlanma müddəti uzun olan qidaların zərərləri haqqında bir çox araşdırma nəticələri və məlumatlar var.
Siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək kimi zərərli vərdişlərdən uzaq durmaq, təmiz havada kifayət qədər vaxt keçirmək və idmanla məşğul olmaq məsləhət görülür. Keyfiyyətsiz və mənbəyi bilinməyən təmizlik və kosmetik məhsulları almamaq tövsiyə olunur. Allergiyası olan insanlar allergenlərdən mümkün olduğu qədər uzaq durmalıdırlar, çünki immunitet zəifləyə bilər. Viruslu və mikroblu xəstəliklərdən maksimum qorunmaq məsləhət görülür.
Radiasiya yayan müəssisələrdə işləmək tövsiyə olunmur. Həmçinin şəhərlərdə tıxaclarla əlaqədar yaranan hava çirkliliyi, kəndlərdə kimyəvi gübrələr və həşəratlara qarşı kimyəvi maddələr və s. kimi bir çox risk amillərindən mümkün qədər qorunmaq lazımdır", - deyə R.Babayev diqqətə çatdırıb.