Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 13:51
Koronavirusla bağlı mübarizədə məsuliyyət təkcə dövlətin deyil, vətəndaşların da üzərinə düşür.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, hər bir şəxs öz sağlamlığı ilə yanaşı, başqalarının da sağlamlığına məsuliyyətlə yanaşmalıdır: "Bu milli təhlükəsizlik məsələsində mən hamını nizama, məsuliyyətə dəvət edirəm. Əgər hər kəs qaydalara əməl etsə, biz bu vəziyyətdən ən az zərərlə çıxarıq".
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.