Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 15:06
Bakı. Trend:
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri həyata keçirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata əsasən, paytaxtın Binəqədi, Sabunçu rayonu ərazisində başa çatdırılmış dezinfeksiya tədbirləri digər ərazilərdə davam etdirilir. Dezinfeksiya işləri müvafiq kimyəvi preparatlarla aparılır və bu zaman zəruri təhlükəsizlik tədbirlərinə əməl edilir.
Bundan başqa, Dövlət Komitəsi sədrinin müvafiq əmrinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları bütün yaşayış sahələrində və qəsəbələrdə koronavirus xəstəliyinin yayılması riskinin qarşısının alınması üçün profilaktika, məlumatlandırma və maarifləndirmə işləri aparılır. Məcburi köçkünlərə izah edilir ki, koronavirus zəminində yaranan hazırkı şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlə yanaşı, hər bir vətəndaşın, o cümlədən məcburi köçkünlərin bu tədbirlərə dəstək verməsi, ictimai məsuliyyəti dərindən dərk etməsi vacibdir.
Həmçinin, Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Baş Nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə 20 mart 2020-ci il tarixli məktubunu əsas götürərək, mart ayının 29-dan etibarən mərkəzi aparatın, tabe qurumların, habelə struktura daxil olmayan tabelikdəki təşkilatların işçilərinin bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi, öz funksional fəaliyyətlərini rəhbər şəxslər və onların zəruri hesab etdiyi əməkdaşlar işə çıxmaqla davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Novruz bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günləri başa çatdıqdan sonra, martın 29-dan etibarən Dövlət Komitəsi vətəndaşların qəbulunu və müraciətlərinə baxılması işini Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq onlayn rejimdə - videogörüntülü və sosial şəbəkələr üzərindən davam etdirəcəkdir.