Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 11:12
"Bu gün Azərbaycanda aparılan testlərin həcmi digər inkişaf etmiş ölkələrdən daha mütəşəkkildir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Millət vəkili bidirib ki, xəstəliyin yayılmasının qarşısının alınmasında ən vacib məsələlərdən birincisi xəstələrin vaxtında müəyyən edılməsı və onların müalicəyə cəlb olunmasıdır:
"Xəstəlik şübhəsi olan insanların vaxtında yoxlanılması önəmli məsələdir. Bu gün Azərbaycanda aparılan testlərin həcmi digər inkişaf etmiş ölkələrdən daha mütəşəkkildir. İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir. Testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb. Qeyd etmək istəyirəm ki, bu çox keyfiyyətli və dövlətə heç də ucuz başa gəlməyən testlərdir. Aparılan testlərin sayı hər gün artırılır. Bunun nəticəsində xəstəliyin qarşısının alınması daha da səmərəli olur".
Deputat vurğulayıb ki, ölkə rəhbərliyi Azərbaycan vətəndaşının sağlamlığı naminə bütün vasitələrdən istifadə edir və çox qətiyyətli addımlar atır: "Əvvəlcədən bəzi xəstəxanalar koronavirus xəstələri üçün hazırlıq vəziyyətinə gətirildi. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın açılışında iştirak etdikləri "Yeni Klinika" xəstəxanası tam olaraq koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub. Görülən bu işlərin əksəriyyəti ölkədə bu xəstəliyə yoluxanların qeydə alındığı vaxtdan əvvəl həyata keçirilmişdi. Bu günlərdə isə koronavirus xəstələrinin müalicəsi məqsədilə Bakı və regionlarda modul xəstəxanaların tikilməsi üçün müvafiq fərman imzalanıb".
K.Əliyeva qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib:
"Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Həmçinin Azərbaycana səfər edən ÜST mütəxəssislərinin yekun hesabatında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun məktubunda da Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib. Görülən tədbirlərin nəticəsində bu gün ölkəmizdə olan vəziyyət inkişaf etmiş böyük Avropa ölkələrindən qat-qat yaxşıdır".