Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 20:36
Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının dünya miqyasında ilk beynəlxalq təşkilat kimi dövlət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmə verdiyi daha bir töhfədir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat vurğulayıb ki, Azərbaycan bu Zirvə toplantısını keçirməklə daha bir ilkə imza atdı: "Belə bir həssas dönəmdə Prezident İlham Əliyevin bu təşəbbüsü göstərir ki, Azərbaycan təkcə özünün deyil, eyni zamanda regionun, ümumilikdə bütün dünyanın təhlükəsizliyini düşünür.
Bundan əvvəlki dövrdə də Azərbaycan daim beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə mühüm töhfələr verib, mədəniyyətlərarası dialoqlara, qlobal forumlara və digər mühüm tədbirlərə ev sahibliyi edib. Lakin koronavirusla mubarizədə beynəlxalq əməkdaşlığa və dialoqa daha çox ehtiyac var. Məhz belə bir dövrdə Azərbaycan etibarlı tərəfdaş kimi özünü bir daha sübut etdi. Cənab Prezident pandemiya ilə mübarizədə ölkəmizdə görülən işlər barədə məlumat verib, ölkəmizin təcrübəsini paylaşıb, eyni zamanda pandemiya ilə mübarizədə səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Cənab Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyin digər dövlət başçıları da virusla mübarizə istiqamətində ölkələrində gördükləri işlər barədə danışıblar. Hesab edirəm ki, aparılan bu fikir mübadiləsi koronavirusla mübarizənin effektivliyi artıracaq".
A.Həsənova əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesusun da Zirvə toplantısına qoşulması bu təşəbbüsün nə dərəcə əhəmiyyətli olduğunu aydın şəkildə göstərir: "Tedros Qebreyesus virusla mübarizədə beynəlxalq səviyyədə göstərdiyi dəstəyə Azərbaycana təşəkkürünü çatdırdı. Türk Şurasının liderlərinin Zirvə görüşü koronavirusla mubarizədə lazım olan sərhədyanı əməkdaşlığın bir nümunəsidir".
Deputat vurğulayıb ki, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi olmaqla pandemiya dövründə də ölkələr arasında lazımi yüklərin daşınmasında mühüm rol oynayır: "Hətta pandemiya dövründə Azərbaycan vasitəsilə türkdilli ölkələrdən daşınan yüklərin həcmində artım müşahidə olunub ki, bu da koronavirusla səmərəli mübarizədə mühüm rol oynayır. Azərbaycan bununla da etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirdi".