Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onları polis deyil, vətəndaşlar susdurdu''

''Onları polis deyil, vətəndaşlar susdurdu''

Tarix: 12 Aprel 2020 13:52

Araşdırmaçı-yazar, "Çapar" jurnalının baş redaktoru Dilqəm Əhməd koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən gəldikdən sonra Atletlər Kəndində karantində qalmışdı.

Sonxeber.net Dilqəm Əhmədin teleqraf.com-a müsahibəsini təqdim edir:

- Dilqəm bəy, koronavirus pandemiyası ilə əlaqədar hazırkı situasiya barədə fikirləriniz...

- Hazırkı situasiya hər kəs kimi məni də narahat edir. Biz, əslində tarixi bir dövrdə yaşayırıq. Dünənə qədər elektriklə işləyən avtomobillər, Marsa göndərilən vasitələr bizi həyəcanlandırırdı, insanlığın hər gün irəliyə doğru getdiyini düşünürdük. Avropa Birliyi kimi sağlam təmələ söykənən ittifaqlara heyrətlə baxırdıq. Amma Çindən yayılan virus bir çox həqiqətləri alt-üst etdi. İtaliya kimi dövlət təkbaşına buraxıldı. Avropa İttifaqı dövlətləri öz başlarına çarə qılmağa başladılar. Nə qədər həqiqətdir bilmirəm, amma xəbərlər gəlir ki, bir dövlət başqa dövlətə göndərilən maskanı mənimsəyib. İnsanlara sabunla əl yumağın faydalarının öyrədildiyi bir çağa geri dönmək həqiqətən ağrılı məqamdır. Amma fakt pandemiya ilə üz-üzə olduğumuz üçün insanların həkimlərin müəyyənləşdirdiyi qaydalarla həyatlarına davam etməsi vacibdir və hələ ki evdə qalaraq vaksinin tapılmasını gözləməliyik. Bununla bağlı da ümidverici xəbərlər gəlir.

- Türkiyədə pandemiya ilə əlaqədar təhsil sistemində dəyişiklik edildi və Bakıya qayıtmalı oldunuz. Bir sıra həmvətənlərimizin bilet tapmaqda çətinlik yaşadığı, günlərlə hava limanında qaldığına dair xəbərlər yayılırdı. Bu problem necə yoluna qoyuldu?

- Türkiyədə əvvəlcə təhsil bir aylıq təxirə salındı. Aprelin əvvəlində dərslərə başlayacağımız bildirildi. Lakin virusa yoluxmaların hər ötən gün yüksələn xətlə artması nəticəsində universitet və məktəblər onlayn sistemə keçməli oldu. Hətta tələbələrə təhsillərini dondurma haqqı da verildi. Bundan sonra Türkiyədə yaşamağın hər ötən gün daha çətin olacağını və yaxınlarının narahatlığını nəzərə alan tələbələr Azərbaycana qayıtmağa başladılar. Mart ayı imtahan ərəfəsi olduğu üçün tələbələrin əksəriyyəti hələ sərhədlər bağlanmamışdan qərarsız qalmışdılar ki, getsək, necə olacaq. İmtahanlarla bağlı qərar veriləndə isə artıq sərhədlər bağlanmışdı, tək çarə çarter reyslərlə qayıtmaq olacaqdı. Türkiyədə faktiki 20 minə yaxın azərbaycanlı tələbə qeydiyyatdadır. Əyani bölmədə oxuyan tələbələr əksəriyyət təşkil edir. İstanbul və Ankara ilə yanaşı bölgələrdə də çox tələbə var. Bu baxımdan narahatlığın olacağı bəlli idi.

Tələbələrin bir qismi hava limanına axışdı, günlərlə orada qaldılar. Bu ərəfədə isə səfirliyimiz və İstanbul konsulluğu qaynar xətt xidməti açdı və qayıtmaq istəyənlər müraciət etməyə başladılar. Mən də bir xeyli əvvəldən müraciət etmişdim deyə 24 martda olan uçuşla gələ bildim. Uçuşumuz dövlət hesabına oldu. Biz, hava limanında olanda da adı siyahıda olmayan tələbələr var idi. Əlbəttə ki, vətəndaş da haqlıdır, konsulluq da. Çünki Türkiyədə tələbə ilə yanaşı müalicəyə, gəzməyə gələn, işləyən nə qədər insanımız var. Növbəli şəkildə onları vətənə gətirmək mümkün olacaqdı. Bildiyim qədər bizdən sonra bir təyyarə də gəlib. Mənim də bir neçə dostumun ailəsi İstanbulda qalıb. Novruz tətilindən istifadə edib yaxınlarının yanına gələn insanlar var. Tələbələrin bir qismi isə İğdır yolu ilə Naxçıvana gəldilər. Onları da Naxçıvanda karantində saxlayırlar.

- Hava limanına enəndən sonrakı prosedur barədə danışmanızı istərdik. Bildiyimiz qədərilə Atletlər Kəndinə aparıldınız.

- Hava limanında enən kimi gördük ki, xüsusi rejim bizi gözləyir. Televiziyalardan biri çəkiliş aparırdı, Dövlət Sərhəd Xidmətinin əməkdaşları artıq əlcək və maska geyinərək xidmət göstərirdilər. Pasport qeydiyyatından keçdikdən sonra həkim nəzarətinə götürüldük. Temperaturumuz ölçüldü, burnumuzdan analiz üçün yaxma götürüldü. Bu saata qədər hara aparılacağımızı bilmirdik. Amma təyyarənin Bakıya enməsi bizdə müəyyən qədər əminlik yaratdı ki, karantin rejimini bölgələrdə deyil, Bakıda keçirəcəyik. Bizi avtobuslara mindirdilər və TƏBİB-in əməkdaşı gedəcəyimiz yer və qaydalar haqqında məlumatlandırdı. 107 nəfər idik, 3 avtobusla Atletlər Kəndinə gəldik.

- Karantin rejimində vəziyyət və ümumi şərait necə idi? Gündəlik rejim haqqında məlumat verərdiniz...

- Bizdən əvvəl də buraya gətirilənlər olmuşdu. Və ümumi təsəvvürümüz var idi ki, şərait yaxşıdır. Düşüncəmizdə yanılmadıq. Bilirsiniz, burada xeyli bina var, beynəlxalq idman yarışları üçün nəzərdə tutulub. Əvvəlcə ailəlilər və yaşlı insanlar, qadınlar yerləşdirildi, daha sonra tək və gənc olanlar. Gündəlik rejim sadəcə qidalanma və həkim nəzarəti ilə bağlı idi. Qalan vaxtda sərbəst idik. Gündəlik temperaturumuz və təzyiqimiz ölçülürdü, şikayəti olan varsa, xidmət göstərilirdi. İnternetin olması bizim üçün ən sevindirici hal oldu. Çünki əks halda günlər çətin keçəcəkdi. Mən də fürsətdən istifadə edib Azərbaycan legionunun komandanı Əbdürrəhman Fətəlibəyli haqqında olan kitabımı bitirdim, xeyli məqalə yazdım.

- Atletlər Kəndində karantindən vaxtından əvvəl çıxmaq istəyən şəxslərin görüntüləri yayılmışdı. Bu hadisəyə münasibətiniz necədir? Niyə Azərbaycanda insanlar karantin rejiminə dırnaqarası yanaşır, bunu məcburiyyət kimi qəbul edirlər?

- Karantin müddəti 14-21 gün arası nəzərdə tutulub. Bu müddətdə bir dəfə də analiz aparılır. Yüzlərlə insanın testinin nəticəsi, sənədləşdirmə işləri müəyyən qədər vaxt aparır. Nəzərə almalıyıq ki, pandemiya olduğu üçün karantin rejiminin nə qədər olmasını vətəndaş deyil, həkimlər müəyyənləşdirir. Bu, 14 gün də, 21 gün də çəkə bilər. Atletlər Kəndində müəyyən bir qrup etiraz etdi, onlar 14 gündən çox qalmışdılar. Amma bildiyim qədər heç kim 21 gündən artıq saxlanılmamışdı.

Etiraz edənlər, təəssüf ki, içməli 5 litrlik suları, stulları, boşqabları binanın balkonundan aşağı atırdılar, hay-küy salırdılar. Hətta polisi, əsgəri ağır söyüşlərlə söyənlər oldu. Amma sevindirici hal o oldu ki, onları polis deyil, binada qalan vətəndaşlar susdurdular ki, bu biabırçılıqdan əl çəkin, vəhşi deyilsiniz, sizin də ailənizdə əsgər var, siz isti yerdəsiniz əsgər, polis isə 24 saat soyuqda çöldədir. İnsanların evə tez getmək istəyi başa düşüləndir. Birinin uşağı evdədir, biri müalicədən qayıdıb və s. Amma unutmayaq ki, karantin rejimində fərdi yox, ümumi yanaşma sərgilənir və buna dözməliyik. Karantinin məqsədi odur ki, bizdə virus varsa, bunu yaxınlarımıza, çevrəmizə bulaşdırmayaq.

- Karantindəkilər arasında koronavirus testinin nəticəsi pozitiv çıxan oldu?

- Bu barədə ən doğru cavabı TƏBİB verə bilər. Sadəcə binadan gələn və eşitdiyimiz məlumatlar əsasında deyə bilərəm ki, 6 nəfərdə pozitiv çıxdı. İkinci testdən sonra konkret nəticələr bilindi və pozitiv çıxanları xəstəxanaya apardılar. Hətta iki qardaşdan birində çıxdı, birində yox, qardaşın biri müalicəyə cəlb edildi.

- Bir otaqda neçə nəfər saxlanılırdı, karantin müddətində hərəkət məhdudiyyəti hansı səviyyədə idi?

- Ailə olanlar bir otaqda yerləşdirildi, tək olanlar isə iki-iki. Mən də gənc bir məktəbliylə düşdüm. Otağımızın eyvanı var idi. Ümumi dəhlizə və balkona çıxa bilirdik. Qonşularla məsafə saxlamaqla hal-əhval tutub söhbətləşirdik. Amma çöldən içəri, içəridən çölə çıxış əsla mümkün deyildi.

- Koronavirus pandemiyası dönəmində həkimlərin göstərdiyi xüsusi fədakarlıq illərdir azərbaycanlıların onlara qarşı bəslədiyi münasibəti kökündən dəyişdi. Sizin qənaətiniz necədir?

- Şəxsən bizim binada görünməz qəhrəmanlar adlandırılan həkim və xidmətçilərin fədakarlıqlarını, bizə olan diqqət və qayğılarını heç zaman unuda bilmirəm. Bilirsiniz, onlar potensial təhlükə altındadırlar. Dünyadan görürük ki, nə qədər həkim, tibb bacısı virusa yoluxub vəfat edib. Düzdür, onlar xüsusi geyimdədirlər, sadəcə gözlərini görürdük, amma bütün hallarda vəziyyət təhlükəli idi.

- Ölkəmizdə hələ də koronavirusa qeyri-ciddi yanaşanlar var. Bunun səbəbi nədən irəli gəlir? Karantindən çıxandan sonra ailə üzvlərinizin reaksiyası necə oldu? Bu infeksiyanı ciddiyə almayanlara nələr demək istərdiniz?

- Elə dünən axşam evə taksi ilə gələrkən yol boyu sürücü pandemiyaya inanmadığını, dünyanı idarə edən ailələrin, masonların bunu yaratdığını bildirdi. Yəni bu sürücü düşüncəsində olan sadə vətəndaşlarımız çoxdur. Bu, təkcə bizdə deyil. Avropa ölkələrində də var. Qardaş Türkiyədə isə daha çoxdur. Türkiyədə bir problem də inancla bağlıdır. Xüsusən, yaşlı insanlar ilahi təqdirə, alın yazısına inandıqları üçün virusdan qorxmadıqlarını, taleyə virusdan ölüm yazılıbsa, bundan qaçmaq mümkün olmayacağını bildirirlər. Halbuki bu, cəhalətdir.

Bildiyiniz kimi məscidlər də bağlanıb və azan oxunduqdan sonra müəzzin insanlara namazı evdə qılmalarının vacibliyini qeyd edir. Amma buna da etiraz edənlər oldu. Balaca və zəif dövlətlərdə yaşayan insanların düşüncəsində belə bir hakim mövqe var ki, dünyanı super güclər və müxtəlif ailələr idarə edir və onlar yeni dünya düzəni qurmaq üçün hərəkətə keçiblər. Doğrudur, pandemiyadan sonra dünyada çox dəyişikliklər olacaq, amma bu deyildiyi kimi masonların deyil, virusun gətirdiyi bəlanın nəticəsi olaraq formalaşacaq. Əlbəttə ki, ailəm sevindi. Açığı, bir az da onlara görə qayıtdım ki, çətin günlərdə yanlarında olum.

- COVİD-19-la bağlı hələ də müxtəlif versiya və fərziyyələr irəli sürülür. Sizcə, bu, təhlükəli virusdur, yoxsa bioloji silah? Koronanın xüsusi laboratoriyalarda hazırlandığına dair iddialar nə dərəcədə inandırıcıdır?

- Şübhəsiz ki, bu sualın cavabını tibb alimləri bilir. Mən müxtəlif xəbərlərdən oxuduğum qədər virusun laboratoriya ortamında süni şəkildə hazırlandığına dair hər hansı bir isbat yoxdur. Daha çox virusun təbii şəkildə mutasiyaya uğrayaraq ortaya çıxdığı bildirilir. Sadəcə əvvəlki növlərdən fərqli olaraq ilk dəfə olaraq daha sürətli yayılan və öldürən virusla qarşı-qarşıya qaldığımız üçün insanlar inana bilmirlər və buna görə də bu versiyalar ortalığa çıxır. Nəzərə alaq ki, müharibə dövrlərində belə, insanlar evlərinə qapanmamışdılar. Bu baxımdan insanlarda və xalqlarda düşüncə yaranır ki, bizi evə yığıb çöldə böyük oyunlar oynayacaqlar.


Etiketlər:  Onları polis deyil vətəndaşlar susdurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ