Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 17:45
Bakı. Trend:
Azərbaycan dünyanın diqqət mərkəzində olan daha bir beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi etdi. UEFA Avropa Liqasının final oyununun da yüksək səviyyədə təşkili, matçın təhlükəsiz və uğurlu şəraitdə baş tutması, ölkəmizə qonaq gəlmiş turistlərin xidmətlərdən razı olmaları, paytaxtımızın gözəlliyinə, tarixinə və müasirliyinə heyran qalmaları bir daha respublikamızın beynəlxalq tədbirləri uğurla reallaşdırması bacarığını nümayiş etdirdi.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında deyib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın beynəlxalq humanitar-mədəni və siyasi mərkəzə çevrilməsi Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir: “Artıq uzun illərdir ki, Azərbaycan qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir, dünyada baş verən proseslərə öz müsbət təsirini göstərir. Biz bunu qlobal humanitar hərəkatdan tutmuş mədəniyyətlərarası dialoqa, dünyanın diqqət mərkəzində olan mədəniyyət və idman tədbirlərinə qədər müşahidə etmişik. “Eurovision” mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının, müxtəlif humanitar tədbirlərin, eyni zamanda, bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya çempionatı, “Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbirləri, o cümlədən Dünya və Avropa çempionatlarının timsalında dünya Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, sabit və dinamik inkişafını, uğurlarını, insanlarımızın qonaqvərpərliyini bir daha gördü”.
“Əlbəttə ki, qlobal miqyaslı tədbirlərin keçirilməsi üçün Azərbaycana yüksək etimadın göstərilməsi təsadüfi deyil” deyən “İki sahil” qəzetinin baş redaktoru bildirib ki, bu, Azərbaycanın dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısındakı müsbət reputasiyasının ifadəsidir.
Vüqar Rəhimzadə əlavə edib ki, qlobal əhəmiyyətli tədbirlər ölkəmizə həm siyasi, həm də iqtisadi baxımdan dividendlər də gətirir: “Məhz bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, sabitlik adası kimi tanınması belə tədbirlərə ev sahibliyi etmək imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur. Eyni zamanda, belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Bundan əlavə, Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların, əməkdaşlığa açıq olması yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla bərabər, bu tədbirlər Azərbaycan həqiqətlərinin, ölkəmizin ədalətli mövqeyinin dünyada təbliğinə böyük təkan verir. Əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları bundan sonra da artacaq, dünyanın ölkəmizə olan etimadı daha da möhkəmlənəcək”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin