Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 17:26
"İrana gedə bilmədim. Həmişə Novruz bayramından sonra İrana gedib ailəmlə görüşər, bir-iki həftə orada qalıb qayıdardım. Amma koronavirusa görə sərhədlər bağlandığından bu dəfə gedə bilmədim".
Sonxeber.net xəbər verir ki, bunu Oxu.az-a taekvondo üzrə olimpiya mükafatçımız, ikiqat dünya və Avropa çempionumuz Milad Beyqi Hərçiqani deyib.
29 yaşlı idmançımız karantin dönəmində nə etdiyindən danışıb:
"Evdə yüngül məşqlər edirəm. Formanı bir az da olsa, saxlamaq üçün bu lazımdır. Normal yaşayışdan bir qədər kənar düşmüşük. Əvvəllər idman rejiminə uyğun olaraq tez yatıb, səhər erkəndən durardım.
Onda məşqlər zamanı çoxlu kalori yandırırsan deyə, bədən yorulurdu. İndi isə gec yatıram. Yuxu problemi yaşayıram. Bundan sonra başqa problemlər də ortaya çıxır, çəki artır.
İdmanda texniki-taktiki istiqamətdə məşqlər edirdik. Amma mənzildə taekvondo məşqi etmək mümkünsüzdür. Sadəcə, rəqibləri analiz etməyə, onların videosuna baxmağa vaxtım olur".
Qaşqay türkü olan Milad Beyqi taekvondo millimizin digər iranlı legioneri Payam Qobadi Uğazla birgə qalır. O, evdə qaldıqları vaxt idmandan kənar etdiyi işlərdən də danışıb:
"Filmlərə baxıram. İstər İran, istər Amerika filmi olsun, maraqlıdırsa, izləyirəm. Ən çox seriallara baxıram. Məsələn, ispanların "La casa de papel" serialına. Kitab da oxuyuram. Vaxt gedir. Amma yenə də adam məşqlər, komanda yoldaşları üçün darıxır. İstəyirəm ki, bu məsələ tezliklə düzəlsin və biz də əvvəlki kimi məşqlərimizə davam edək".
Qeyd edək ki, Milad Beyqi ötən ilin dekabrında Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.