Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 23:24
Bakı. Trend:
1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Hər bir uşağın fiziki-mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması, eyni zamanda müvafiq kateqoriyalardan olan uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial inkişaf strategiyası əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə, o cümlədən müvafiq kateqoriyalardan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atılmasına imkan verib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət , yeni doğulan uşaqlara görə birdəfəlik müavinət verilir. Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları isə ildə bir dəfə olmaqla birdəfəlik müavinətlə təmin olunur.
Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanları ilə aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Qeyd olunan Fərmanla müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları üçün müavinət 61 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Ailə başçısını itirməyə görə aylıq müavinətlə təmin edilənlərin böyük əksəriyyəti uşaqlardır ki, bu müavinətin məbləği də artırılaraq hər nəfərə görə 80 manat müəyyən olunub.
Bununla yanaşı, ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxu uşaqlardır. Qismən ödənişli sosial məzniyyətdə olan 30 mindən çox sığortaolunan isə üç yaşınadək uşaqlara qulluğa görə müavinətlə təmin edilir.
Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Dövlət başçısının tapşırığı ilə nazirliyin Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Cari ildən isə ölkəmizin regionlarında uşaq bərpa müəssisələri şəbəkəsinin qurulmasına başlanması nəzərdə tutulur. Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində həmin yetkinlik yaşına çatmayan uşaqların yenidən normal həyata dönüşü üçün səmərəli sosial reabilitasiya xidmətləri göstərilir. Həmçinin nazirliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında ölkəmizin bölgələrində günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiya yönümlü sosial xidmətlərə təminatında önəmli rol oynayır. Bu layihələr çərçivəsində autizm və daun sindromlu uşaqlar defektoloji-psixoloji yardımlar, eşitmə və nitq qabiliyyəti zəif uşaqlar reabilitasiya və surdoloji, görmə imkanları məhdud uşaqlar sosial reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin