Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 11:36
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə dövründə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların əmək haqqının artırılması haqqında sərəncamı ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir. Sərəncam ümumilikdə 2 min sosial xidmət işçisini əhatə edir:
"Heç kəsə sirr deyil ki, xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən çıxmaları qadağan edilib. Bununla əlaqədar dövlət başçısının göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər evlərində gündəlik sosial xidmətlərlə təmin olunur. Hazırda bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir. Burada Yeni Azərbaycan Partiyasının könüllülərinin, fəallarının, gənclərinin xidmətini də xüsusi qeyd etmək lazımdır".
"Ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətin, xalqın ehtiyacları əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub", - deyən Sədaqət Vəliyeva əlavə edib ki, sosial xidmətlər sahəsində xidmət göstərən işçilərin aylıq vəzifə maaşlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sənəd dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha əyani şəkildə göstərir:
"Dövlət başçısının karantin dövründə imzaladığı bu sərəncam sosial xidmətlər sahəsində fəaliyyət göstərən insanların həyat şəraitinin yaxşılaşdırılmasında onlara dəstək olmağa xidmət edir. Bütövlükdə sosial sahədə reallaşdırılan addımlar bir daha sübut edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir".