Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ölkə Prezidentinin insanların sağlamlığını iqtisadi fəallıqdan üstün tutması humanizmin təntənəsidir''

''Ölkə Prezidentinin insanların sağlamlığını iqtisadi fəallıqdan üstün tutması humanizmin təntənəsidir''

Tarix: 15 Aprel 2020 15:06

Ölkəmizdə vətəndaşın mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Təkcə ötən 2019-cu ildə ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib.

Sonxeber.net xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputat qeyd edib ki, 2020-ci ilin də sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından uğurlu olacağını yanvar, fevral ayında əldə olunan sosial-iqtisadi göstəricilər proqnozlaşdırırdı:

"Dünyanı, sözün həqiqi mənasında, təşvişə salan sərhəd tanımayan koronavirus pandemiyasının mənfi təsiri mart ayında ölkəmizin sosial-iqtisadi inkişafından da yan keçmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə ölkə Başçımızın dediyi kimi əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı.

Müşavirədə pandemiyanın mənfi təsirlərinə baxmayaraq, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyətin nəzarət altında saxlandığına diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini gücləndirmək, layiqli həyat səviyyəsini təmin etmək bu günümüzə və gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının müsbət nəticələrini biz bu gün ağır və çətin bir dönəmdən keçdiyimiz bir vaxtda daha aydın gördük. Yer kürəsinə qara kabus kimi çökən karonavirus pandemiyası can almaqda davam etdiyi, nəhəng dövlətlərin gözlə görə bilmədiyimiz düşmənlə mübarizədə böyük itkilər verdiyi halda Azərbaycanda koronavirusla mübarizə ən yüksək səviyyədə davam etdirilir. Atdığı bütün qabaqlayıcı addımlarla Azərbaycan dövləti virusu lokallaşdırmağa qismən nail ola bilib, yoluxanların, ölüm hallarının az olmasına müvəffəq olub".

"Hər bir dövlətin gücü çətin vəziyyətlərdə atdığı addımlarla, hadisələri nəzarətdə saxlamaq imkanları ilə, bütün problemlərin öhdəsindən layiqincə gəlmək qabiliyyəti ilə ölçülür", - deyən Naqif Həmzəyev əlavə edib ki, Azərbaycan dövləti bu mənada Prezident İlham Əliyevin liderliyi ilə belə çətin vaxtda da öz gücünü, qüdrətini göstərməkdədir:

"Ötən illərdə sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir ki, bu gün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkənin yardım üçün müraciət etdiyi siyahıda Azərbaycanın adı yoxdur. Son illərdə ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, məqsədyönlü siyasətinin sayəsində sosial-iqtisadi sahələrdə əldə edilən böyük uğurlar imkan verir ki, ölkəmiz öz resursları hesabına koronavirusla mübarizəni ən yüksək səviyyədə davam etdirsin, vətəndaşların sağlamlığı ilə yanaşı madi-rifah halı da diqqətdə saxlanılsın.

Videokonfransda diqqətçəkən məqamlardan biri də möhtərəm Prezidentimizin "Burada biz iki amil arasında seçim etməliyik - iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır - insanların sağlamlığı"- söyləməsi oldu. Təbii ki, biz hər an, hər dəqiqə Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun sağlamlığı, yüksək həyat şəraitinin yaxşılaşdırılmasının dayandığının şahidi oluruq. Dövlət Başçısının bütün vətəndaşların həyatını düşündüyünü və dövlətin gücünü tam olaraq bu istiqamətə sərf etdiyini aydın görürük. Belə həssas məqamda da Azərbaycan Prezidenti mütəmadi olaraq xalqa müraciətlər etməklə insanları məsuliyyətli olmağa, qayda-qanunlara əməl etməyə çağıraraq hər bir vətəndaşın həyatından necə narahat olduğunu nümayiş etdirir və biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik deyir".

Deputat bildirib ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı qərəzli mövqeyinə də nəzər salıb:

"Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb.

İllərdir Azərbaycanı qaralamaq, nüfuzdan salmaq üçün əlindən gələni əsirgəməyən Avropa Şurası Parlament Assambleyası, anti-Azərbaycan qüvvələr, müxalifətin marginallaşan hissəsi öz çirkin niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki Azərbaycanın müstəqil daxili və xarici siyasəti, yüksək beynəlxalq imici, dünyada baş verən hadisələrə öz münasibəti, müxtəlif qüvvələrin təsir imkanlarına qarşı güclü immuniteti, ən əsası xalq-iqtidar birliyi var. Biz birlikdə güclüyük"!


Etiketlər:  Ölkə Prezidentinin insanların sağlamlığını iqtisadi fəallıqdan üstün tutması humanizmin təntənəsidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ