Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 23:58
Bəzi sosial şəbəkə səhifələrində işsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmənin guya hansısa imkanlı şəxsə təyin olunması təəssüratı yaradan şəkil həqiqəti əks etdirmir.
Sonxeber.net xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
O qeyd edib: "Şəkildə "Vertu" markalı telefonda Ələkbərov soyadlı şəxsə birdəfəlik ödəmənin təyin olunmasına dair mesaj əks olunub. Birdəfəlik ödəmənin təyin olunduğu Ələkbərov və Ələkbərova soyadlı 326 şəxsin telefon nömrələri üzərindən araşdırma aparılıb. Aidiyyəti informasiya sistemləri vasitəsilə telefon nömrələrinin istifadə olunduğu mobil cihazlar (İMEİ kodu əsasında) müəyyən edilib. Ödəmə təyinatı aparılmış 326 şəxsdən heç birinin "Vertu" markalı telefona sahib olmadığı məlum olub.
Həqiqəti əks etdirməyən saxta paylaşımlarla birdəfəlik ödəmə proqramına qarşı inamsızlıq yaratmaq cəhdlərini kəskin qınayır və belə cəhdlərin hüquqi məsuliyyət yaratdığını bildiririk".