Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 07:52
"AppAnnie" şirkəti bu ilin birinci rübündə insanların mobil qurğulara sərf etdiyi vaxtın 20 faiz artmasını açıqlayaraq bunu koronavirus infeksiyasının (COVID-19) yayılması ilə izah edib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, tədqiqatçıların sözlərinə görə, smartfonlara ayrılan vaxtda kəskin artımın qeydə alındığı ilk dövlət Çin olub. Xatırladaq ki, koronavirus ilk dəfə məhz bu ölkədə yayılmağa başlayıb.
"Epidemiya dövründə Çin sakinləri mobil qurğulara gündə orta hesabla 5 saat sərf ediblər. Bu göstərici 2019-cu ilin müvafiq nəticəsi ilə müqayisə edildikdə, 30 faizlik artımın şahidi olmaq mümkündür. Lakin digər regionların məlumatları nəzərə alınsa, artım 20 faiz təşkil edir", - təhlil müəllifləri bildirib.
Ekspertlərin sözlərinə görə, qurğulara sərf edilən vaxt həcminin artmasına səbəb olan amillərdən biri işgüzar iclasların onlayn keçirilməsidir. Bunun sayəsində "Zoom" servisinin populyarlığı artıb. Bundan başqa, insanlar internetdə ünsiyyətə daha çox vaxt sərf etməklə real ünsiyyətdə olan çatışmazlığı kompensasiya etməyə çalışırlar.
Maraqlıdır ki, insanlar smartfonlardan daha çox istifadə etməklə yanaşı, mobil proqramların alışına daha çox pul xərcləməyə başlayıblar. Belə ki, cari ilin birinci rübünün yekunları üzrə mobil proqram təminatının alışına 23,4 milyard dollar xərclənib.