Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 18:14
Sumqayıt şəhərində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, Sumqayıt sakini Bəxtiyar Allahverdiyev Ataş Rəşidovun bacısının istifadəsində olan mobil telefon nömrəsinin "Whatsapp" bölməsinə mesaj yazıb.
Bundan xəbər tutan Ataş Bəxtiyarı öldürmək qərarına gəlib. Bu məqsədlə 28 avqust 2018-ci il tarixdə, saat 23.30-da bıçaq götürərək yaşadığı evin həyətindən Bəxtiyar Allahverdiyevin Sumqayıtdakı ünvanına gəlib. Bəxtiyarı evin giriş qapısının qarşısına çağırıb.
Bəxtiyar salamlaşmaq üçün ona yaxınlaşdıqda Ataş özündə olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Bəxtiyar Allahverdiyev onu özündən kənarlaşdıra bilib, yaşadığı evə girib, qapını arxadan bağlayıb. Ataş qapını açmağa çalışsa da, Bəxtiyarın anası Gülnar Allahverdiyevanın köməyi ilə qapının cəftəsi içəridən bağlanıb, Ataşın evə girməsinə imkan verilməyib.
"Bəxtiyar nəsə yazsa da, dərhal həmin mətni sildim"
Hadisə yerinə gəlmiş həkimlərin Bəxtiyar Allahverdiyevi vaxtında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırması nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Ataş Rəşidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ataş Rəşidov bildirib ki, Bəxtiyar Allahverdiyevi məktəbdə oxuduğu dövrdən tanıyıb: "Mənim bacım Bəxtiyarın bacısı ilə bir sinifdə, digər bacım isə Bəxtiyarın özü ilə bir sinifdə oxuyublar. Hadisəyə qədər Bəxtiyarla hec bir munasibətim olmayıb. Onunla duşməncilik və ya ədavət saxlamamışam".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 28 avqust 2018-ci il tarixdə, saat 22.30-da evdə olarkən bacısının istifadə etdiyi "Samsung" markalı mobil telefonu gətirərək tanımadığı bir nomrənin onu narahat edildiyini deyib: "Həmin nömrədən "duşunmək" mənasını verən smaylik, "salam", "necəsən" məzmunlu mətn və "dovşan" təsvirli smaylikin gəldiyini gördüm.
Nomrənin şəxsi məlumatları hissəsindəki profil şəklində digər bacımın sinif yoldaşı Bəxtiyar Allahverdiyevin şəklinin olduğunu gördüm. Ona "Salam", "Bəxtiyar sənsən?" məzmunlu mətn gondərdim. Cavab olaraq həmin nömrədən "tanımırsan?" məzmunlu cavab gəldi. Mən isə "sənsən deyirəm" məzmunlu mətn gondərdim. Sonra Bəxtiyar nəsə yazsa da, dərhal həmin mətni sildim. Nömrəni bloka salaraq küçəyə çıxdım".
"Məndən fiziki cəhətdən güclü idi"
Ataş Rəşidov qeyd edib ki, bir qədər sonra yenidən evə qayıtdıqda başqa nömrədən "tanıdın" məzmunlu mesaj gəldiyini görüb: "Ona cavab olaraq "hardasan?" məzmunlu mətn gondərdim.
Bəxtiyar cavabında "evdə" yazdı və ona zəng vurdum. Telefonda Bəxtiyarla söyüşdüm və ona "hazırlaş gəlirəm" deyərək nömrəni yenə bloka saldım. Bəxtiyarı bacıma mesaj yazaraq narahat etməsinə gorə onu cəzalandırmaq məqsədi ilə evdən cıxdım.
Evin həyətində təsərrufat işləri ucun istifadə etdiyimiz bıçağı ehtiyat üçün özumlə götürdüm ki, birdən Bəxtiyar əlbəyaxa döyüşdə məni döysə, bıcaqla onu vurum. O məndən fiziki cəhətdən daha guclu idi. Bəxtiyarı öldürmək niyyətim olmayıb".
"Törətdiyim əməli etiraf etdim"
Ataş Rəşidovun sözlərinə görə, evlərinin həyətindən cıxaraq piyada Sumqayıt şəhərindəki 12-ci mikrorayona, Bəxtiyarın yaşadığı binanın 3-cu mərtəbəsinə qalxıb: "Onun yaşadığı 9 saylı mənzilin dəmir qapısını döydüm. Bəxtiyarın bacısı icəridən mənim kim olduğumu soruşduqda, cavab verərək Ataş olduğumu və Bəxtiyarla görüşmək istədiyimi bildirdim. O, Bəxtiyarı səslədi.
Bəxtiyar evin giriş qapısından bloka cıxaraq məni görən kimi başımın sol tərəfindən yumruqla vurdu. Zərbədən yerə yıxıldım. Mənə hücum elədi, əlbəyaxa olduq. Mən dərhal ayağa qalxaraq özümü qorumaq məqsədi ilə cibimdəki bıcağı cıxardım, Bəxtiyara tərəf yonəltdim, sağa-sola hərəkət etdirdim. Əlimdəki bıçağın Bəxtiyara dəydiyini hiss etsəm də, blok qaranlıq olduğu üçün bıçağın onun bədəninin harasına batdığını görməmişəm.
Dalaşma zamanı Bəxtiyara neçə zərbə vurduğumu xatırlamıram. Çünki bu, çox ani baş verdi. Bundan sonra Bəxtiyar evinə girərək, qapını örtdü. Mən isə oranı tərk edərək bıcağı yaxınlıqdakı binalardan birinin həyətinə atdım. Həmin vaxt evə getmədim, şəhərdə oldum. Səhəri gun evə qayıtdım. Oradan isə könüllü Sumqayıt şəhər Polis İdarəsinə gedərək törətdiyim əməli etiraf etdim".
"Bicbala, kimsən deyirəm..."
Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Bəxtiyar Allahverdiyev qeyd edib ki, Ataş Rəşidovin oxuduğu orta məktəbdən tanıyıb: "Ataş məndən 1-2 sinif yuxarı təhsil alıb. Sonuncunun bacısı isə mənimlə 2012-2016-cı illərdə bir sinifdə oxuyub. Məktəbdə oxuduğum dövr ərzində Ataşla uşaq olduğum üçün xırda səbəblərə gorə dava-dalaşım olsa da, sonradan munasibətlərimiz normallaşıb, duşmənciliyimiz olmayıb".
Zərərçəkmiş şəxsin sözlərinə görə, avqustun 28-də, saat 22 radələrində telefonunun kontakt məlumatları olan bölməsində tanımadığı və təsadüfi qeyd edilmiş kontaktlara dair məlumatları silən zaman adı "Dovşanım" kimi qeyd edilmiş tanımadığı nömrəni gorub: "Həmin nömrənin sahibinin kim olması maraqlı gəldiyindən "Whatsapp"da ona ilk olaraq "düşünmək" mənasını verən smaylik gondərdim. Sonra "salam", "necəsən" məzmunlu mətn və "dovşan" təsvirli smaylik yolladım.
Həmin nömrədən "Salam", "Bəxtiyar sənsən?" məzmunlu mətn gəldi. Cavab olaraq həmin şəxsin məni tanıdığını bildim. Dəqiqləşdirmək ucun "tanımırsan?" məzmunlu mətn gondərdim.
"Sənsən deyirəm" məzmunlu cavab gəldi. Nomrənin sahibinin kim olmasını deməməsindən "Bicbala, kimsən deyirəm" məzmunlu mətn yazsam da, mesaj oxunmadan silindi. Yenidən "tanıdın" məzmunlu mətn gondərsəm də, cavab olaraq "hardasan?" cavabını yazdı. Cavab olaraq evdə olduğumu dedim".
"Ana-bacı söyüşü yazdı"
Bəxtiyar Allahverdiyev qeyd edib ki, həmin şəxs cavabda "hazırlaş, gəlirəm" məzmunlu mətn yazıb: "Ondan "hara" deyə soruşdum, sualıma cavab olaraq ana-bacıma aid söyüş məzmunlu mesaj gəldi, mən də əsəbiləşdim. Qarşılıqlı olaraq soyuş mesajı gondərsəm də, həmin nomrəyə catmadı. Nömrəm bloklandı.
Başqa bir nomrədən mənə yazanın Ataş olduğunu bilmədiyim ucun yenə mesaj yazaraq onun kimliyini soruşdum. Qeyd edilən yazışma saat 23 radələrində baş verib. Həmin vaxt mənə yazanın kim olduğunu anlamamışam. Saat 23.20-də evin mətbəxində yemək yeyən zaman qapı döyüldüyündən bacım qapıya yaxınlaşdı və tanmıdağı üçün qapını açmayaraq məni çağırdı. Qapını acdım".
"Anam mənə baxdıqda, yaralı olduğumu gördü"
Zərərçəkmişin ifadəsinə görə, Ataş onu özünə cəkərək qarnından vurub: "İlk olaraq bıcaqla vurduğunu başa duşmədim. Daha sonra bıçaq qoluma dəydikdə, vurulduğumu başa düşdüm və Ataşı itələyərək yerə yıxdım. Özüm isə içəri keçdim, qapını örtdüm. Qapımız çətin bağlandığı üçün cəftəsini keçirə bilmədim. Anamı çağırdım.
Anam dərhal dəhlizə gələrək qapını çəkdi, arxadan bağladı, yaralı olduğumu gördü. Bundan sonra huşumu itirdiyimdən hec nə xatırlamamışam, xəstəxanada ayılmışam".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ataş Rəşidov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ataş Rəşidov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Ataş Rəşidovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Ataş Rəşidovun apelyasiya şikayəti təmin olunub. Onun ittiham olunduğu Cinayət Məcəlləsinni 29,120.1-ci maddəsi həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilib.
Ataş Rəşidovun cəzası 3 ilə endirilib.