Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 11:36
ABŞ Kosmik Agentliyinin (NASA) alimləri koronavirus pandemiyası şəraitində “Curiosity” kosmik aparatını evdən idarə edirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, agentliyin reaktiv hərəkət laboratoriyasının tədqiqatçılar qrupu martın 20-dən məsafəli iş rejiminə keçib. Alimlər arasında əlaqə videokonfranslar və müxtəlif messencerlər vasitəsilə saxlanılır.
Məlumata görə, bütün lazımi avadanlıq, o cümlədən monitor, qulaqcıq və digər qarnitur əməkdaşlar tərəfindən əvvəlcədən hazırlanıb. Lakin məsafəli işə keçən zaman alimlər bir sıra çətinliklərlə rastlaşıb – onların laboratoriyada işləyərkən həcmli təsvirlərə baxmaq üçün istifadə etdiyi xüsusi stereoeynək adi üçölçülü eynəklə əvəzlənib.
Qeyd edək ki, ABŞ-ın “Curiosity” kosmik aparatı Marsa 6 avqust 2012-ci ildə eniş edib. Aparatın üst səthində müxtəlif cihazlarla təchiz edilən 74 kiloqramlıq elmi laboratoriya quraşdırılıb. Onların köməyi ilə aparat süxur növlərini tədqiq edir. Ekspedisiyada başlıca məqsəd Marsda nə vaxtsa həyatın bu və ya digər formada yaranması üçün şəraitin aşkar edilməsidir.
Aparatın uzunluğu 2,8 metr, çəkisi 900 kiloqram təşkil edir. “Curiosity” “NASA” tərəfindən indiyədək Qırmızı planetin üzərinə buraxılan bütün aparatları uzunluğuna görə 2 dəfə, ağırlığına görə 5 dəfə üstələyir. Bu elmi laboratoriya diametri 50 santimetr təşkil edən üç cüt təkərə malikdir və onlardan hər biri fərdi güс qurğusu ilə hərəkətə gətirilir. Aparatın ön və arxa tərəfləri xüsusi dönmə mexanizmləri ilə təchiz edilib. “Curiosity” hündürlüyü 75 santimetr olan maneələri dəf edir və yerində 360 dərəcə tam dönə bilir.
“Curiosity” hazırda agentliyin yeganə işlək aparatıdır. Tezliklə ona buraxılışı iyula planlaşdırılan “Perseverance” aparatının qoşulacağı gözlənilir.
Nizam Nuriyev