Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 12:21
Bakı. Trend:
"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir:
EUR
Avrozonanın xidmət və sənaye sektorunda aprel ayı ərzində aktivliyin azalmasına dair açıqlanan fundamental göstəricilər, avronun 1.13$-da müqavimətlə rastlaşmasına səbəb olub və nəticədə 1.12$-a kimi 0.6% ucuzlaşıb.
Lakin təhlillərə əsasən Avrozona iqtisadiyyatı üçün 1.12$ güclü dəstək səviyyəsi hesab edilir və EUR/USD məzənnəsi yenidən 1.1247$-ın üzərində möhkəmlənərsə, 1.1292$-a kimi bahalaşa bilər.
GBP
GBP/USD məzənnəsində də keçən həftə ərzində 1.30$-a kimi 0.8%-lik ucuzlaşma müşahidə edilib. Lakin burada da qiymətin sonuncu səviyyədə güclü dəstək səviyyəsi ilə qarşılaşa biləcəyi və yenidən 1.31$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.
TRY
Türkiyədə inflyasiyanın artması valyuta birjalarında USD/TRY məzənnəsinin 5.84TL-yə kimi bahalaşmasına səbəb olub və 5.85TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.98TL-yə kimi bahalaşa bilər.
Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq Türkiyə mərkəzi bankının monetar siyasətinə dair yeni qərarı da investorların diqqət mərkəzindədir.
OIL
Dünyada neft hasilatı ölkələrində siyasi risklərin artması, neft qiymətlərinin də bahalaşmasına təsir etməkdədir. Belə ki, Avropanın Brent markalı neftinin qiyməti 74$-a ticarət edilməkdədir və 76$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.
Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Dünyada siyasi risklərin artması və dolların təzyiq altında olması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına təsir etməkdədir. Beləliklə, 1271$-da (40.9 $/qram) dəstək görən qızılın bir unsiya üzrə qiyməti, 1280$-ı (41.2 $/qram) yuxarı istiqamətdə qırarsa, 1295$-a (41.6 $/qram) kimi dəyər qazana bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin