Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR “Rəqəmsal yataq” layihəsinə start verir

SOCAR “Rəqəmsal yataq” layihəsinə start verir

Tarix: 23 Aprel 2020 13:00

Bakı. Trend:

SOCAR SAP UFAM əsasında neft və qazçıxarma əməliyyatlarının rəqəmsallaşmasını həyata keçirir.

SOCAR-dan Trend-ə verilən məlumata görə, bununla da SAP UFAM (SAP və OIS-in birgə həlli) istehsal proseslərini vahid sistemdə birəşdirərək, müəssisənin rəqəmsal nüvəsi olan SAP ERP proqram təminatı ilə inteqrasiya edəcək.

SOCAR istehsalatda UFAM-ın istismara verilməsini 2020-ci ilin iyununda planlaşdırır. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib ki, SOCAR iqtisadiyyatın rəqəmsallaşdırılması kursu çərçivəsində biznes proseslərində və istehsalatda qabaqcıl texnologiyalardan istifadə etməyə çalışır, neft hasilatında sənaye standartlarını müəyyən edir. “UFAM platformasının tətbiqi bir-birindən ayrı olan istehsalat sistemlərindən fərqli məlumatların vahid mərkəzdə toplanmasına, quyuların işinin təsdiq olunmuş potensiala uyğun şəkildə təmin edilməsi üçün inteqrasiyalı təhlilin aparılmasına, həmçinin geoloji-texniki tədbirlərin optimallaşdırılmasına imkan verəcək”.

Qeyd edək ki, bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, “Caspian Innovation Center” (Xəzər İnnovasiya Mərkəzi), “SAP Digital Business Services” və OIS əməkdaşları tərəfindən həyata keçirilir.

Birinci mərhələdə əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və SAP ERP rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neftqazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib.

Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin interqasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub.

Rəqəmsal platformanın istismara verilməsi SOCAR-a aşağıdakı məqsədlərə nail olmaq imkanı yaradacaq:

• standartlaşdırılmış planlaşdırma üsulu hasilata təsir edən bütün istehsal xidmətlərində iş uçotunu təmin edəcək ki, bu da sutka ərzində səmərəsizlik hallarını və itkiləri əhəmiyyətli dərəcədə azaldacaq;

• qərarvermənin dəstəklənməsi, statik və dinamik məhdudiyyətlər modelinin hesablanması üçün inteqrasiyalı modelləşdirmə alt sistemində daim fəaliyyətdə olan aktivin modeli yaradılacaq;

• bütün biznes obyektləri (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektlər və s.) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunacaq və onların pasportları, son və cari iş parametrləri təqdim ediləcək.

SAP CIS baş direktorunun müavini Dmitri Pilipenko bildirib ki, SAP UFAM - MDB-də işlənib hazırlanmış və SAP-ın qlobal prays-listinə daxil edilmiş ilk məhsuldur: "Burada həll mexanizmi yüksək beynəlxalq standartlara uyğundur və müştərinin lokal tələblərinə cavab verir. Sistem öz işində laydan neft təhvili qovşağınadək bir çox göstəriciləri nəzərə alır ki, bu da istehsal proseslərinin transformasiyasına imkan verir. Biz şadıq ki, SOCAR 10 ildir ölkə üçün strateji əhəmiyyət daşıyan layihələrin reallaşdırılması üçün SAP həllini seçir".

Qeyd edək ki, OIS - Rusiyanın 20 ildən artıq tarixə malik qabaqcıl İT şirkətidir. Neft-qaz hasilatı sektoru üçün İT həllərinin yaradılması və tətbiqi üzrə ixtisaslaşmışdır. Bir çox OIS həlləri RF ərasizində neft-qaz hasilatı sektorunda standart sayılır. Şirkətin 260 əməkdaşı, Rusiyanın 13 şəhərində ofisləri var. OIS şirkəti 2016-cı ildə SAP-ın tərəfdaşıdır. SAP UFAM Rusiyadan qlobal SAP prays-listinə daxil edilmiş ilk tərəfdaşlıq həllidir.

"Caspian Innovation Center" (Xəzər İnnovasiya Mərkəzi) - SOCAR və IBM şirkətlərinin tərəfdaşlığı əsasında 2017-ci ildən fəaliyyət göstərən müəssisədir. SOCAR-ın sənaye təcrübəsi əsasında işlənib hazırlanmış müxtəlif həllərin tətbiqi və məlumatların təhlili sahəsində qabaqcıl şirkətlərin bilikləri müəssisənin əsas hədəfidir. CIC şirkəti SOCAR üçün rəqəmsal biznes transformasiyası üzrə strateji plan işləyib hazırlamışdır və hazırda layihələrin reallaşdırılması ilə məşğuldur.

İnformasiya texnologiyaları sahəsində bilik və ekspertiza mərkəzi olan CIC təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda şirkətlərin rəqəmsal əkizlərinin yaradılması üzərində işləyir. CIC qısa müddətdə fəaliyyət dairəsini genişləndirmiş, Özbəkistan. Türkiyə, Gürcüstan və Rumıniya kimi ölkələri də əhatə etmişdir. Şirkət mütəxəssislərinin SAP-ən əsas modullarının tətbiqi sahəsində malik olduqları böyük təcrübə maliyyə hesabatının toplanması, alqı proseslərinin, hasilatın, qazma proseslərinin idarə olunması üçün pltaformaların tikilməsi və s. kimi ən müxtəlif sahələrdə işləməyə imkan verir.

Şirkətin əsas məqsədi məlumatların işlənməsi üzrə vahid mərkəz üçün platforma yaradılması və bu əsasda Əşyaların İnterneti, Blockchain texnologiyası və süni zəka sahələrində layihələrin reallaşdırılmasıdır.

SAP - korporativ tətbiqlər bazarında dünya lideridir. Dünyanın 180 ölkəsində 413 000-dən artıq müştəri SAP-ın həll və xidmətlərindən istifadə edir. 1992-ci ildə Moskvada ilk SAP SE ofisi açılmışdır. Hazırda şirkət bütün MDB ölkələrində təmsil olunur. SAP CIS-in 1300 nəfərdən çox əməkdaşı var. 2012-ci ildə Moskvada SAP Labs tədqiqat mərkəzi açılmışdır. İndi bu mərkəzin Sankt-Peterburqda və İjevskdə şöbələri fəaliyyət göstərir.

SAP - Rusiyada məlumatların işlənməsi mərkəzinə malik yeganə beynəlxalq proqram təminatı istehsalçısıdır və daim bu mərkəzin potensialını artırır.

SAP artıq 25 ildən çoxdur ki, yerli şirkətlərə innovasiya həlləri bazasında biznesin transformasiyası və optimallaşdırılması sahəsində yardım edir. 2018-ci ilin iyulunda Moskvada SAP-ın rəqəmsal liderlik mərkəzi - tədbirlərin keçirilməsi, yeni texnoloji həllərin, müştəri və tərəfdaşlarla birgə hazırlanmış məhsulların nümayişi üçün innovativ hab yaradılıb.

Şirkət təlimə sərmayə yatırılmasında fəallıq göstərir, təkmilləşir və ekosistemin təhlilini inkişaf etdirir. Rusiyada 60-dan artıq ali məktəb təhsil məqsədləri ilə SAP-a pulsuz giriş əldə etmişdir. 2017-ci ildə tələbə və gənc İT mütəxəssiləri üçün 12 innovasiya mərkəzi - SAP Next-Gen Lab açılıb.


Etiketlər:  SOCAR Rəqəmsal yataq layihəsinə start verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ