Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Mahmudov: Nəzarət tədbirlərinin davam etdirilməsi karantinin yumşaldılmasından sonrakı müddətdə də insanların qaydalara riayət etməsinə kömək edəcək

Rəşad Mahmudov: Nəzarət tədbirlərinin davam etdirilməsi karantinin yumşaldılmasından sonrakı müddətdə də insanların qaydalara riayət etməsinə kömək edəcək

Tarix: 30 Aprel 2020 14:40

Sonxeber.net xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudovun Trend-ə müsahibəsi

- Karantin qaydalarına əməl edilməməsi hansı fəsadlara gətirib çıxara bilər?

- Əvvəla onu qeyd edim ki, ilk dəfə Çinin Uhan şəhərində qeydə alınmış bu xəstəlik virusa yoluxmuş insanın öskürməsi və yaxud asqırması zamanı ətrafa yayılan tənəffüs damcıları vasitəsilə çirklənmiş səthlərə təmas və toxunma yolu ilə ötürülür. Koronavirusun yoluxma sürətinin insanlar arasında yüksək olmasına baxmayaraq, adi gigiyenik tələblərə və sosial izolyasiya tədbirlərinə riayət etməklə bu virusla uğurla mübarizə aparmaq olar. Məhz bu səbəbdəndir ki, biz həkimlər mütəmadi olaraq əhalimizə maskadan istifadənin, əlləri yumağın və ya spirt əsaslı dezinfeksiyaedici maddələrlə dezinfeksiya etməyin, eləcə də sosial məsafəni qorumanın vacibliyi barədə məlumatlandırma aparırıq. Danılmaz faktdır ki, hazırda bütün dünya koronavirusla məhz bu məsələləri ön plana çəkməklə mübarizə aparır. Məhz bu səbəbdən də bizim ölkəmizdə də karantin qaydalarına riayət edilməsi çox vacibdir. Buna görə də vətəndaşlarımızı bir qədər səbrli davranaraq karantin şərtlərinə əməl etməyə səsləyirəm. Digər tərəfdən, virusun yoluxuculuq qabiliyyətinin yüksək olması karantin qaydalarına riayət edilmədiyi təqdirdə, anidən çoxsaylı insanın yoluxmasına səbəb ola bilər. Elə buna görə də əhalimizin sağlamlığı dövlətimiz üçün prioritet məsələ olduğundan karantindən çıxış üçün də mərhələli plan hazırlanır. Bu məsələdə hər birimiz diqqətli olmalı və çağırışlara əməl etməliyik. Hazırda Azərbaycan koronovirusla mübarizə sahəsində örnək göstərilən ölkələrdən biridir. Təbii ki, bu uğurda cənab Prezidentimiz başda olmaqla hər birimizin payı var. Bu baxımdan mövcud ola biləcək risklərin qarşısını almaq və bu uğurun davam etməsi üçün karantin şərtlərinə ciddi şəkildə riayət etməliyik.

- İnsanların karantin qaydalarının yumşalmasından sonra əvvəlki kimi qaydalara əməl etməsi üçün hansı işlər görülməlidir?

- Əlbəttə, bu ilk növbədə fərdi məsuliyyətimiz və bir vətəndaş olaraq ölkəmizə qarşı borcumuzdur. Çünki yoluxma sürətinin azalması üçün hər birimiz bu qaydalara əməl etməyə borcluyuq. İlk növbədə sosial məsuliyyət məsələsi təbii ki, vacibdir. Maksimum maarifləndirmə işləri davam etdirilməli, təbliğat-təşviqat kampaniyaları vasitəsilə insanlar məlumatlandırılmalıdırlar. Nəzarət tədbirlərinin davam etdirilməsi karantinin yumşaldılmasından sonrakı müddətdə də insanların qaydalara riayət etməsinə kömək edəcək. Bu baxımdan inanıram ki, müxtəlif dövlət qurumlarının əlaqəli çalışması, eyni zamanda vətəndaş-dövlət birliyimizin davam etməsi bu dövrdən üzüağ çıxmağımıza səbəb olacaq.

- Koronavirus pandemiyasının ikinci dalğasının yayılma təhlükəsinin davam etdiyi bu günlərdə karantin qaydalarının yenidən sərtləşdirilməsi mümkündürmü?

- Təbii ki, bu məsələ ilə bağlı müzakirələr davam etdirilməkdədir. Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdəki vəziyyəti təhlil edir və ən uyğun versiyaları qiymətləndirərək seçim edir. Bu baxımdan qarşıdakı günlərin böyük əhəmiyyəti var. Karantin qaydalarına, sosial izolyasiya tədbirlərinə, eləcə də gigiyenik tələblərə riayət etməyimiz bu dövr üçün ən yaxşı virusdan qorunma üsulumuz ola bilər. Buna görə də əhalimizin bu dövrdə tələblərə uyğun davranması bu prosesdə bizə dəstək üçün çox vacibdir. Qarşıdakı günlərdə virusun yayılma göstəricilərinə əsasən müzakirələr həyata keçiriləcək və bu məsələ ilə bağlı qərar verildiyi təqdirdə ictimaiyyətlə paylaşılacaq. Buna görə də əhalimizi panikaya düşməməyə və yalnız Operativ Qərargahın verdiyi məlumatları dinləməyə səsləyirəm.


Etiketlər:  Rəşad Mahmudov Nəzarət tədbirlərinin davam etdirilməsi karantinin yumşaldılmasından sonrakı müddətdə insanların qaydalara riayət etməsinə kömək edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ