Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İndiki şəraitdə səbəbsiz olaraq evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir"

Tarix: 1 May 2020 16:46

Nə qədər ki, dünyada koronavirus pandemiyası davam edir ölkəmizdə də sosial təcrid tədbirlərinə əməl edilməlidir. Düşünürəm ki, belə bir vəziyyətdə heç birimiz arxayınlıq göstərməyə cəhd etməməliyik. Burada, bütövlükdə xalqımızın həyatından söhbət gedir. Ona görə indiki mərhələdə karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq, sosial təcrid tədbirlərinin hamısına əməl etməliyik.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev deyib.

O bildirib ki, dövlətimizin cəmiyyətimizi qorumaq üçün müəyyənləşdirdiyi qaydalara əməl edilməsi, bizim təhlükəsizliyimizin təminatıdır. Yaxınlarımızı qorumaq üçün, əvvəlcə, özümüzü qorumalıyıq. Yəni biz, eyni zamanda hamılıqla ətrafdakı insanların sağlamlığının qorunmasına da çalışmalıyıq: "Bu xəstəlik yayıldığı ilkin vaxtlardan ölkə rəhbərliyi tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Düşünürəm ki, karantin rejimi qaydalarının yumşaldılması insanlarımızda arxayınlıq yaratmamalıdır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, 575 çarpayılıq "Yeni klinika" xəstəxanasının açılışı, 600 min insana birdəfəlik ödənişlərin edilməsi, sosial-iqtisadi tədbirlər üçün 3,5 milyard manatlıq maliyyə paketinin ayrılması, sahibkarlara vergi güzəştlərinin edilməsi və sair onu göstərir ki, ölkəmizdə pandemiya ilə mübarizə ən yüksək səviyyədə təşkil olunub. Amma bu, o demək deyil ki, təhlükə sovuşub və biz arxayınlaşmalıyıq. Hər bir vətəndaş belə bir çətin vəziyyətdə məsuliyyətini dərk etməlidir. Qəbul olunan qaydalara, verilən tövsiyələrə riayət etməli, məsələyə həssas yanaşmalıdır. Yeni koronavirus pandemiyasının yayıldığı hər bir ölkə real təhlükə mərhələsinə qədəm qoyub, yoluxma və ölümlərin sayı artır və bundan sonra da çoxalacağı ehtimal olunur. Buna görə də vətəndaşlar nəzərə almalıdırlar ki, indiki şəraitdə hər dəfə səbəbsiz olaraq evdən çıxma, hər bir kənar şəxslə təmas, infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Buna görə də vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara əməl etməklə həm özlərini, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına atmamalıdırlar".

Hafiz Quliyev əlavə edib ki, xüsusi karantin rejiminin yumşaldılmasından sui-istifadə hallarının artması pandemiyanın ikinci dalğasına yol aça bilər. Ona görə də, vətəndaşlarımızı bugünkü gün dövlətimizin bizim üçün tətbiq etdiyi qaydalara əməl etməyə çağırıram.

Milli.Az


Etiketlər:  İndiki şəraitdə səbəbsiz olaraq evdən çıxma hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma ölüm təhlükəsi deməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ