Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov: “Azərbaycanda yeni federasiya yaradılır”

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov: “Azərbaycanda yeni federasiya yaradılır”

Tarix: 6 May 2020 18:44

Milli.Az "İstedadlı əlillər" İctimai birliyinin sədri Cavad Qasımovun Trend Life-a müsahibəsini təqdim edir:

Sual - Siz uzun müddətdir əlilliyi olan istedadlı insanları təmsil edən ictimai təşkilata rəhbərlik edirsiniz. Bu sahədə ölkəmizdə hansı işlər görülür?

Cavab - İlk öncə onu qeyd edim ki, ölkəmizdə əlilliyi olan bacarıqlı insanlar çoxdur. Bu insanlar müxtəlif peşə sahələrində fəaliyyət göstərirlər. Əlilliyi olan insanların, xüsusi ilə də gənclərin peşə ixtisaslarını təkmilləşdirmək məqsədi ilə həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən müəyyən işlər görülür. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə peşə reabilitasiya mərkəzlərində hər il müxtəlif peşə sənətlərinin öyrədilməsi məqsədi ilə yüzlərlə əlilliyi olan şəxslərə təlimlər keçirilir, ümumirespublika musiqi festivalları və sərgiləri təşkil olunur. İctimai təşkilatlar da əlilliyi olan insanların bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə təqdim olunması mövzularında müxtəlif layihələr həyata keçirirlər. Bütün bunlarla yanaşı qeyd edim ki, bu sahədə daha çox geniş miqyaslı və səmərəli işlərin görülməsinə ehtiyac var.

Sual - Hansı işləri nəzərdə tutursuz?

Cavab - Əlilliyi olan insanların həm təhsil sahəsində, həm də ixtisaslaşmış peşə öyrənmək sahəsində bacarıqlarını və istedadlarını inkişaf etdirmək, eyni zamanda davamlı məşğulluğun təmin edilməsi üçün ölkəmizin bütün regionlarını əhatə edəcək və məşğul olduğu peşə sahəsini mükəmməl bacaran fiziki imkanları məhdud olan insanların həm ölkədaxili, həm də Beynəlxalq yarışlarda iştrakçılığına zəmin yaradacaq  Milli Abilimpiya hərəkatının yaranmasına və təşkilatlanmasına ehtiyac var. Onu da xüsusi olaraq qeyd edim ki, ilk olaraq bu təşəbbüslə  Azərbaycan Milli Paralimpiya Komitəsi çıxış edib və artıq Azərbaycan Milli Abilimpiya Federasiyasının yaradılması məqsədi ilə təşkilatı məsələlərin  həll edilməsi yönündə işlər görülür.

Sual - Bu bizim üçün yeni və maraqlı məlumat oldu, yəqin bu müsahibəni oxuyanlar üçün də əhəmiyyətli məlumat olacaq. Ümumiyyətlə Abilimpiya nədir və niyə məhz Milli Paralimpiya Komitəsi bu təşəbbüs ilə çıxış etdi? Xahiş edirəm bu barədə izləyicilərimizə ətraflı məlumat verərdiniz.

Cavab - Abilimpiya əlilliyi olan şəxslər arasında peşə sahəsində Beynəlxalq yarışlar sistemidir. Abilimpiya hərəkatı 1972-ci ildə Yaponiyada yaradılmış və ilk Beynəlxalq Abilimpiya yarışları 1981-ci ildə elə Tokioda keçirilmişdir. Abilimpiya hərəkatının yaradılmasında məqsəd əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişaf etdirmək və peşəkar mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Abilimpiya Hərəkatına 50-yə yaxın ölkə qoşulmuşdur: Yaponiya, Avstraliya, Çin, Hindistan, Fransa, Cənubi Korea, Çexiya, İran İslam Respulikası, Rusiya və s. 2020-ci ildə növbəti Beynəlxalq Abilimpiya Oyunları Rusiya Federasiyasında keçirilməsi planlaşdırılırdı, COVID-19 koronovirus pandemiyası səbəbindən yarışlar 2021 -ci ilə keçirildi.

Niyə məhz Paralimpiya Komitəsi təşəbbüskar oldu sualına gəlincə, bildiyiniz kimi, ölkəmizdə sağlamlıq imkanları məhdud olan şəxslərə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Ölkə başçısı cənab İlham Əliyev bununla bağlı tapşırıqlar verib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi bu istiqamətdə mühüm işlər görür. Daha öncə qeyd etdiyim kimi Respublikada bir çox yarmarkalar, sərgilər və müxtəlif tədbirlər təşkil olunur, əlillərin peşə hazırlıqları mərkəzləri yaradılır, əlillər arasında özünəməşğulluq proqramları keçirilir. Buna baxmayaraq qeyri-hökümət sektorunda bununla bağlı aktivlik çox deyil. Azərbaycan Milli Paralimpiya Komitəsi həm beynəlxalq aləmdə, həm də ölkəmizdə nüfuzlu və ixtisaslaşmış bir təşkilatdır. Beynəlxalq və milli yarışların iştrakçısı və təşkilatçısıdır. Ölkəmizi dünya arenalarında layiqincə təmsil edən çempionlarımız Azərbaycan Milli Paralimpiya Komitəsinin yetirmələridir. Bəli, Milli Paralimpiya Komitəsinin əsas fəaliyyəti idman və idman yolu ilə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasıdır, amma bununla yanaşı son dövrlər Paralimpiya Komitəsi tərəfindən idmanla bağlı olmayan digər sosial layihələrdə həyata keçirilir. Buna misal olaraq 2019-cu ilin noyabr ayında Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsi birgə təşkilatçılığı ilə  keçirilmiş "Yenilməzlər" qala təqdimatı, müyəssərliklə bağlı tədbirləri, dünyada ilk dəfə olaraq yaradılmış Uşaq Paralimpiya Komitəsini göstərmək olar. Rəsmi statistika göstərir ki, Azərbaycanda 650000-ə yaxın əlilliyi olan şəxs var və onların hamısı idman ilə məşğul olmaq istəmirlər və eyni zamanda idmanla məşğul olmaq onlara uyğun deyil. Əliliyi olan şəxlər arasında digər peşə və yaradıcılığa marağı olan şəxslər də var.

Bütün bunları nəzərə alaraq və qeyri-hökümət sektorunun aktivliyini artırmaq üçün Komitə dövlət orqanları və beynəlxalq təşkilatlar ilə məsləhətləşərək Beynəlxalq Abilimpiya Federasiyasına (BAF) üzvlük haqqında müraciət etdi və gördüyünüz kimi bu addım digər üzv ölkələr tərəfindən yüksək qiymətləndirildi və BAF-a üzv seçildi.  Milli Paralimpiya Komitəsi öz qarşısına məqsəd qoymuşdur ki, Abilimpiya hərəkatını da ölkəmizdə təkmilləşdirməklə və inkişaf etdirməklə on minlərlə əlilliyi olan insanlarımızın cəmiyyətdə öz layiqli yerini tutmalarına dəstək olsun, onların fəaliyyətini ixtisaslaşmış peşə sahələrinə yönəltsin. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun bu sahədə böyük təcrübəyə malik olması çox önəmli haldır və mən əminəm ki, Komitənin başlatdığı digər sosial layihələr kimi Abilimpiya hərəkatı da ölkəmizdə inkişaf edəcək.

Sual - Hansı peşə sahələri Abilimpiya yarışlar sisteminə daxildir?

Cavab - Ümumiyyətlə Abilimpiya yarışlar sisteminə 100 -ə yaxın peşə sahələri daxildir. Ölkəmizdə yaşayan əlilliyi olan insanlar arasında ən çox aktuallığı ilə seçilən və Beynəlxalq Abilimpiya yarışlarının da əhatə etdiyi peşə sahələrinə uyğun olan Komputer proqramları (IT), Fotoqraf, Ağac oyma, Rəssamlıq, Musiqiçi, Mühasibat,  Çilingər, Diş texniki, Aşpazlıq, Elektrik cihazlarının mütəxəssisi, Toxuma, Dərzilik, Zərgərlik, Dülgər, Poster dizaynı, Memarlıq, Elm və incəsənət sahələrini əhatə edən bir çox peşə sahələridir. Qeyd edim ki, yeni yaradılan Azərbaycan Milli Abilimpiya Federasiyasının əsas məqsədi də ölkə daxili və Beynəlxalq yarışların təşkil edilməsi və yarışlarda iştrakçılığın təmin edilməsi ilə yanaşı ölkəmizdə əlilliyi olan insanların əmək reabilitasiyasına və mükəmməl peşə ixtisaslarına cəlb etməklə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.

Ərtaflı məlumat verdiyinizə görə təşəkkür edirik və yaradıcı kollektivinizə uğurlar arzulayırıq.

Milli.Az


Etiketlər:  İstedadlı Əlillər İctimai Birliyinin sədri Cavad Qasımov Azərbaycanda yeni federasiya yaradılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ