Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2020 18:21
Mayın 7-də Milli Məclisin Gənclər və İdman komitəsinin onlayn iclası keçirilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iclası Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev aparıb.
Tədbirdə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.
İclasda "Gənclər siyasəti haqqında", "Könüllü fəaliyyət haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Müzakirələr zamanı dövlətimiz tərəfindən gənclərə, xüsusilə də əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan danışılmış, bunun davamı kimi qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. Belə ki, qanunveriricilikdə nəzərdə tutulmuş "əlil" sözü Azərbaycan Respublikasının 2008-ci ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının "Əlillərin hüquqları haqqında" Konvensiyasının tələblərinə uyğunlaşdırılmış, habelə əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsi ilə əlaqədar dəyişikliklər edilməsi təklif edilib.
İclasda Qanun layihələri ilə yanaşı, Milli Məclisin Gənclər və İdman komitəsinin hesabatının qısa icmalı da Komitə üzvlərinə təqdim edilmiş, gələcək perspektivləri müzakirə edilib.
Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.