Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2019 08:54
Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen Azərbaycanın milli bayramı - Respublika gününün 101-ci ildönümü münasibətilə bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə müsəlman aləmində ilk demokratik, dünyəvi parlamentli respublika qurduğu, onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını qeyd edib. Müstəqilliyinin 1920-ci ilədək davam etməsinə rəğmən qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti olduğunu bildirib.
Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən Konqres üzvü ölkəmizin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdiyini vurğulayıb.
Bəyanatda Azərbaycanın qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində aparıcı rol oynadığı, İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyi və İsraillə sıx dostluq əlaqələrinə malik olduğu qeyd olunub. 12000-dən artıq yəhudinin 2500 ildən artıq müddətdə ölkəmizdə yaşadığı, bundan əlavə Azərbaycanın həmçinin xristian icmalarının da məskəni olduğu və dini dözümlülüyə görə Avropa Parlamenti tərəfindən təqdir edildiyi vurğulanıb.
Daha sonra bəyanatda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Prqoramının fəal üzvü kimi beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrdə ABŞ-ın əsas tərəfdaşı olduğu qeyd olunub. Azərbaycan əsgərlərinin İraq, Kosovo, habelə Əfqanıstanla bağlı əməliyyatlarda ABŞ qoşunları ilə çiyin-çiyinə xidmət etdiyi vurğulanıb. Azərbaycanın Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatına verdiyi töhfə xüsusilə qeyd olunub.
Sonda Konqres üzvü Azərbaycan üzrə İşçi qurpun həmsədri olaraq ölkəmizin müstəqillik, təhlükəsizlik, insan hüquqları və demokratik dəyərlərin gücləndirilməsi istiqamətindəki səylərində Azərbaycan xalqı ilə birgə olduğunu vurğulayaraq ABŞ və Azərbaycan arasındakı tərəfdaşlığın davam etməsi və daha da güclənməsi ilə bağlı xoş arzularını ifadə edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin