Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 15:21
Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların mikroərazisində qeydiyyatlı yaşamayanlar üçün 1-ci sinfə qəbulla bağlı müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyaların birinci sinfinə qəbul üçün təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Bunun üçün valideyn (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir. Övladı müsahibədən uğur qazanmış valideyn “Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.
Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan uşaqların tədrisi digər dillərdə aparılan bölmələrə qəbulu üçün ilk növbədə şifahi nitq bacarıqlarının yoxlanıldığı müsahibədə iştirak edib uğur qazanmaq lazımdır. Daha sonra həmin lisey və ya gimnaziyaya qəbulu üçün sistemdə müsabiqəyə yazılmalıdır. Müsabiqə lisey və ya gimnaziyalar tərəfindən həyata keçiriləcək.
Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilər.
Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları yalnız müsabiqə yolu ilə qəbul edilir. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.