Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb

Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb

Tarix: 19 May 2020 09:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda ildırım çaxması halları 10 dəfəyədək artıb.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, 1960-1965-ci illərə qədər Bakıda ildırım il ərzində 1-2 dəfə çaxırdısa, indi ildırım 4-6 dəfə çaxır. Ancaq ümumilikdə Abşeron yarımadasında il ərzində ildırımlı günlərin sayı 1 gün və daha azdır.

M.Həsənov qeyd edib ki, adətən, ildırım çaxmasının intensivliyi, əsasən, yazdan yaya keçən dövrdə - may-iyun aylarında və yaydan payıza keçən dövrdə - sentyabr-oktyabr aylarında müşahidə edilir.

Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev isə Trend-ə deyib ki, Bakı şəhəri, o cümlədən Abşeron yarımadasında illdırımın çaxması bu ərazilər üçün zəif xarakterikdir.

Onun sözlərinə görə, Azərbaycanda ildırım çaxmasının ən güclü xarakterik olduğu ərazilər Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Ordubad, Şərur, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala rayonlarıdır:

"Respublika ərazisində təbii fəlakət nəticəsində dəyən zərərin həcmi ilk növbədə onun bölgə və yaşayış məntəqələri üzrə əhatəliliyindən, daha sonra isə texnogen proseslərin intensivliyindən, təkrarlanmasından asılıdır. Ən çox zərər yaradan isə geoloji (zəlzələ, sürüşmə, uçqun) və hidrometeoroloji (sel, daşqın, subasma, doluvurma) proseslərdir".

N.Paşayev bildirib ki, son 30 ildə təbii fəlakətlər həm sayına, həm dağıntılara, həm də insan ölümünə görə daha qlobal xarakter alır.

Alim əlavə edib ki, 20-ci əsrin 70-ci illəri ilə müqayisədə Yer kürəsində təbii fəlakətlərin sayı 3-4 dəfə artıb və hər il orta hesabla 80-85 min nəfər ölür.

Qeyd edək ki, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti sərinləşib və burada avqust ayı üçün xarakterik olmayan hava müşahidə edilir, şimşək çaxır.


Etiketlər:  Bakıda ildırım çaxması halları dəfəyədək artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ