Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 08:30
Bakı. Trend:
Şərqi Hindistan və Banqladeşdə güclü siklon baş verib.
Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, "Amfan" adı verilən siklon ən az 14 nəfərin həyatına son qoyub.
Minlərlə evin dağıldığı bildirilir. Siklonun ən şiddətli keçdiyi bölgə Qərbi Benqaliya olub.
"Ştatın bütün cənub hissəsi zərər çəkib. Biz şokdayıq. Dağıntıları qiymətləndirmək üçün üç-dörd gün lazım gələcək. Siklon elektrik enerjisinin təchizatına dağıdıcı təsirini göstərib, bir çox ev və körpüləri məhv edib", - Qərbi Bengaliyanın baş naziri Mamata Banerci mətbuat konfransı zamanı deyib.
Nazir ştatında ən az 10 nəfərin həlak olduğunu bildirib.
Məlumata əsasən, qonşu Banqladeşdə ölənlərin sayı ən az 4 nəfər olub.
Hazırda Qərbi Benqliya və Orissa ştatlarından 450 min, Banqladeşdən isə 2 milyon sakin təxliyə edilib.
Meteoroloqların fikrincə "Amfan" Benqal körfəzində son illərdə baş vermiş ən güclü qasırğadır - küləklərin sürətinin 265 km/saata çatdığı xəbər verilir.
BBC meteoroloji xidmətinin şərhinə əsasən, "Amfan" 1999-cu ildə Orissa sahillərində 9 mindən çox insanın həyatına son qoyan supersiklondan sonra Benqal körfəzində dağıdıcı gücünə görə ilk qasırğadır.